Xətai rayon, Elektrotok qəsəbəsi Corat küçəsi 5/7 ünvanında məskunlaşan Hacıyev Mübariz Qənahət oğlu ölkə başçısı və bir sıra aidiyyatı qurumlara müraciətinə cavab gəlib.

Xocalı rayon Icra Hakimiyyətindən Mia.az-a daxil olan məktubda bildirilir ki, 04.08.2016-cı il tarixdə saytımızda yerləşdirilən şikayət məktubunda yer alan məqamlar yalandı:

"Xocalı rayon İcra hakimiyyəti başçısının müavini Vahid Əliyev və Xocalı rayon Sukanal İdarəsinin rəisi Nazim Süleymanovla bağlı həqiqətə uyğun olmayan, əsassız şikayət ərizəsiylə əlaqədar olaraq bildiririk ki, Hacıyev Mübariz Qənahət oğlu adı çəkilən ünvanda qeydiyyatda olmasına baxmayaraq, bir gün də olsun Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yaşamayıb.

Hal-hazırda da Bakı şəhər Xətai rayonu Elektrotok qəsəbəsi Corat küçəsi 5/7 ünavanında yaşayır. Hacıyev Mübariz Qənahət oğluna daimi yaşamaq üçün verilən bu mənzili, atası Hacıyev Qənahət Məhəmmədəli oğlu istirahət mərkəzi kimi istifadə edir.

Hacıyev Mübariz Qənahət oğlunun şikayətini araşdırmaq məqsədi ilə 04.08.2016-cı il tarixdə həmin ünavana Xocalı rayon İH-nin nümayəndələri, Goranboy rayon MKİS - nin sahə nəzarətçisi və Xocalı Sukanal İdarəsinin əməkdaşları baxış keçirmişlər. Baxış zamanı Q.Hacıyevin həyətində qanunsuz olaraq şəbəkəyə d-20 boru xətti ilə əlavə olaraq ikinci su xəttinin qoşulduğu aydın olmuşdur. Eyni zamanda onun həyətyanı sahəsində ağaclar və bostan bitkiləri becərilmişdir.

Maraqlıdır ki, su olmayan sahədə necə meyvə-tərəvəz becərmək olar?!

Baxış zamanı Q.Hacıyevin həyətindəki hər iki xətdən içməli suyun gəldiyi müəyyən olundu və fotoları çəkildi (həmin fotoları sizə təqdim edirik).

Onu da qeyd etmək istəyirik ki, Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsinin bütün küçələrində olduğu kimi İsfəndiyar Əsədov küçəsində də su qrafiklə verilir".

Mia.az