Xətai rayon, Elektrotok qəsəbəsi Corat küç. 5/7 ünvanında məskunlaşan Hacıyev Mübariz Qənahət oğlu ölkə başçısı və bir sıra aidiyyatı qurumlara müraciət edib.

Mia.az-a daxil olan müraciəti tədim edirik: "Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsini Xocalı sakinləri üçün doğmalaşdıran başlıca səbəb, kənd sakinlərinin Xocalıdakı qonşuları ilə eyni məhəllədə yaşamalarıdır. Yaşlı insanlar üçün bu xüsusi əhəmiyyət kəsb edir. Xatırladım ki, Atam-Hacıyev Qənahət Məhəmmədəli oğlu, 45 gün erməni əsirliyində olub, şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir, 76 yaşı var. Anam- Hacıyeva Dilarə Bəhrəm qızı, parkinson xəstəsi, 77 yaşı var. Bu insanların başlıca istəyi yalnız doğma Xocalıya qovuşmaqdan ibarətdir. Bu ümidlə günlərini yola verib həmin günü səbirsizliklə gözləyirlər. Ancaq məmur özbaşınalığı onlara bunu da çox görür.

Təxminən iyul ayınin birinci ongünlüyündə atam zəng edərək bildirdi ki, "qonşumuz Vahid müəllim su çəkdirir, maraqlan, əgər mümkündürsə biz də həmin mənbədən su çəkək. Vedrə ilə su çəkməkdən bezmişik. Günlərlə su olmadığına görə çox əziyyət çəkirik”. Buna sübut kimi günün müxtəlif saatlarında gəsəbə daxilində əlində su qabları gəzən insanları göstərmək olar. Bu insanlar səhərdən axşama su axtarırlar. Mən "Azərsu” ASC-nin Xocalı rayon üzrə nümayəndəsi Nazim Səlimovla əlaqə saxlayıb, vəziyyəti izah etdikdən sonra, bizim də həmin mənbədən su xətti çəkməyimizə şərait yaratmasını xahiş etdim. Sözümü bitirər-bitirməz Nazim Səlimov özündən çıxaraq bildirdi ki, "o mənbədən yalnız Vahid müəllimə su veriləcək. Nə var, bütün məhəllə düşmüsünüz üstümə? Əl çəkin məndən. Qəsəbədə su problemi yoxdur. Suvarma üçün su nəzərdə tutulmayıb. Bəlkə də, bu belədir. Ancaq heç də inandırıcı deyil ki, qəsəbə tikilən zaman, hər mənzilə 10-12 sot torpaq sahəsi ayrılsın, ancaq suvarma suyu çəkmək nəzərdə tutulmasın. Yoxsa nəyə görə, 300 ailəni yerləşdirmək üçün bu qədər ərazi zəbt edilib. Cəmi 4 ədəd, 4 bloklu, 9 mərtəbəli bina tikməklə bu insanları mənzillə təmin etmək olardı. Bir də ki, N. Səlimov anlamır ki, insanlar suvarma suyundan çox, içməli su üçün mübarizə aparırlar.

Axı necə olur ki, eyni xətdən su götürən abonentlərin birinə əlavə su çəkilir, digərlərinə isə su problemi yoxdur deyilir? Əsərin qəhramanı Vahid Əliyevlə valideyinlərimin mənzillərini eyni xətdən su ilə təmin edir. N. Səlimov isə iddia edir ki, borunun əvvəlində su var, iki metr arxa hissəsində su yoxdur. Xatırladım ki, Nazim Səlimovun can-başla, "Azərsu” ASC-nin əməkdaşlarını küçəyə töküb su çəkdirdiyi şəxs, Yeni Azərbaycan Partiyasının(YAP) Xocalı rayon şöbəsinin sədri və Xocalı rayon İcra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiridir. Hər iki şəxsin başlıca vəzifəsi rayon sakinlərinə xidmət etməkdir. Təəssüf ki, başları öz problemlərinin həllinə qarışıb. Elə bu səbəbdən məcburiyyət qarşısında Xocalı rayon icra hakimiyyətinin başçısı Şahmar Usubovla əlaqə saxladım. Problemi onun diqqətinə çatdırıb, kömək etməsini xahiş etdim. Şahmar Usubov məsələnin kompleks həlli üçün tapşırıq verəcəyini söylədi.

Təxminən iki saat sonra mənə zəng edən Vahid Əliyev "gözlərə qurbanla” sözə başlasa da, məni məzəmmət edərək, "məndən nə istəyirsən?, niyə qoymursan üzümü qırxmaq üçün su çəkdirim? Məktəbin xəttindən su götürən kimi hamı töküldü ki, bizə də su verin”. Mən ona məhəllə sakinlərinin də onun kimi suya ehtiyaclarının olduğunu deyəndə, Vahid Əliyev bildirdi ki, Nazim Səlimova da demişəm, "ərazidə su sistemi düzgün qurulmadığına görə, bu məhəllədə su olmayacaq. Bu da bizim partiya sədrimiz və İH-nin müavini. Bu şəxs anlamır ki, YAP rayon şöbəsinin sədri olaraq onun başlıca vəzifəsi xalqa xidmət etmək və problemlərini aidiyyatı qurumlar qarşısında qaldırmaqdı. Yalnız özünə gün ağlamaq deyil. Onsuz da özünüzə yetərincə gün ağlamısınız. Axı adama deməzlər ki, bir haldaki sən məhəllənin su probleminin səbəbini bilirsən, nəyə görə məsələ qaldırıb problemin ümumi həllinə deyil, öz şəxsi maraqlarının həllinə çalışırsan? Axı sən icra hakimiyyətinin müavinisən və buna görə maaş alırsan. İcra hakimiyyətinə bitişik Heydər Əliyev adına parkın içində olan kiçik şəlalələrin kafellərini toz basıb.(şəkilləri əlavə qoşmada göndərəcəm-M.H). Axırıncı dəfə bu parkda nə vaxt olmusunuz? Bir dəfə olsun Nazim Səlimova sual etmisiniz ki, bu balaca şəlalələrin niyə suyu yoxdur? Bəlkə icra hakimiyyətindəki mənbə haqlıdır, Nazim Səlimov Heydər Əliyev adına parkın suyun da satıb. Bu şəlalələrin su ilə təmin olunmasına elə də çox su lazım deyil.

Xatırladım ki, su problemi tək Aşağı Ağcakənd qəsəbəsində deyil. Qonşu Börü və Meşəli kəndlərinin sakinləri də, su ilə imtahana çəkilir. Bu günlərdə Börü qəsəbəsində biçin sahələrinin naməlum səbəbdən yandırılması zamanı kənd sakinlərinə məxsus ot tayasını alovdan qorumaq məqsədilə təhlükəsizlik zolağı yaratmaq üçün 5-10 vedrə su tapmaq mümkün olmayıb. Yaxşı ki, yanğınsöndürən briqada vaxtında çatıb.

Qəsəbə sakinlərinin bildirdiklərinə görə, hər dəfə su ilə bağlı şikayət edəndə rayon icra hakimiyyəti başçısının müavini Vahid Əliyev və Nazim Səlimov qəsəbəyə gələrək söz verirlər ki, yaxın vaxtlarda su problemi həll olunacaq. Ancaq beş-altı ildi sözdən başqa heç nə görmürük. Sakinlərin bildirdiyinə görə, su qıtlığı Aşağı Ağcakənd qəsəbəsinin yuxarı hissəsində villalar, restoran, kafe və istirahət mərkəzləri inşa olunandan sonra meydana gəlib. Bu obyektlər tikilənə qədər qəsəbənin nə içməli, nə də, bostan sulamaq üçün su problemi olmayıb. Qəsəbə nümayəndələrinin verdiyi məlumata görə, bu obyektlərə suyun verilməsi üçün 500 (beş yüz) manat, sonra isə aylıq haqq yığılır. Məsələ ilə bağlı "Azərsu” ASC-nin Xocalı rayon üzrə nümayəndəsi Nazim Səlimova şikayət edəndə, o, bildirir ki, yuxarıdan kimə deyirlər, ona da su satırıq. Tanış sözdü. Nazim Səlimov mənə də, bildirmişdi ki, yuxarıdan mənə tapşırıblar ki, sənin valideyinlərinə su verilməsin. Görəsən N.Səlimov yuxarı deyəndə kimi nəzərdə tutur? Bu adam özünü Su İdarəsinin rəisi kimi yox, rayon rəhbərliyinin qulluqçusu kimi aparır. N. Səlimov sakinlərə bildirb ki, kimə istəyirsiniz şikayət edin, bütün ərizələr icra hakimiyyətinə gəlir və orada lazımsız kağız kimi cırılaraq, zibil yeşiyinə atılır. Ümid varam ki, cənab Şahmar Usubovun bundan xəbəri yoxdur.

Sakinlərin dediklərinə görə, bir neçə dəfə villa sahiblərinə suyu istifadə etdikdən sonra bağlamalarını xahiş etsələr də, buna əməl olunmayıb. Villa sahibləri bildiriblər ki, bu xəttləri çəkmək üçün Su İdarəsinə 500(beş yüz) manat birdəfəlik, sonra isə aylıq pul ödəyirlər. Ona görə də istədiyimiz kimi istifadə edirik. Görsənən odur ki, N.Səlimov anlamır ki, bu su ərazidə məskunlaşan məcburi köçkünlər üçün nəzərdə tutulub. Dövlət vəsaiti ilə çəkildiyinə görə, kimsə bu suyu dədə malı kimi sata bilməz. Ancaq bu adam kiməsə güvənərək, rayonda əməli-başlı su bazarı açıb.

Sakinləri narahat edən digər məqam vəzifəyə kənar rayon sakinlərinin təyin olunmasıdır. Sanki, Yevlax rayonu, Xocalı rayonu üçün kadr istehsal edir. Adətən kənardan gələn kadrlar rayon sakinlərinin problemlərinə biganə yanaşaraq, imkan daxilində soyğunçuluqla məşğul olurlar. Şikayətlər çoxalan kimi iş yerlərini başqa rayona dəyişərək, məsuliyyətdən yayınırlar. Son zamanlar rayonun idarə və müəssisələrində kənar kadrların sayı sürətlə artır. Bu gedişlə Xocalı rayonunda vəzifədə yerli sakini tapmaq müşgülə çevriləcək. Nazim Səlimov özü etiraf edir ki, o su idarəsinin rəisi olmaqla bərabər, həm də sahibkarlıqla məşğul olur. Görəsən bunları vəzifəyə təyin edəndə bildirməyiblər ki, dövlət məmuru sahibkarlıqla məşğul ola bilməz. Nazim Səlimovun yerində Xocalı rayon sakini ola bilməzdi? Xocalı sakini xocalıları daha yaxşı başa düşər axı. Bu adam gün ərzində qəsəbədə bir az fırlandıqdan sonra şəxsi işləri ilə məşğul olmaq üçün yoxa çıxır. Bu şəxs artıq özünü məmur kimi deyil, sahibkar kimi aparır. Yaxın aylarda bölgədə fəaliyyət göstərən obyektlərin kommunal qoşulmaları və ödəmələri, o cümlədən, Sosial Müdafiə Nazirliyinə və Vergilər Nazirlinə nə qədər vergi ödəmələri ilə bağlı aidiyyatı qurumlara sorğu göndərəcəm.

Cənab Prezident!

İnanıram ki, " hər bir azərbaycanlının Prezidenti olacam” frazasını rəhbər tutaraq, ağır faciə yaşayan xocalıların su problemini şəxsi nəzarətinizə götürüb, müsbət həlli üçün aidiyyatı şəxslərə göstəriş verəcəksiniz”.