Gənc nəslin vətənpərvər, xalqına məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi, onların sağlam və bilikli böyüməsi istiqamətindəki işlər çərçivəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən layihə başa çatıb.
Mia.aza daxil olan məlumata görə, Nəsimi rayonunun orta məktəblərinin təhsildə, idmanda və ictimai həyatda fərqlənən yeniyetmələri ümumilikdə – 150 nəfər üçün Quba rayonunda "Gənc İlhamçılar” vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi yaradılıb. Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi uşaqların istirahətini daha da maraqlı və yaddaqalan edib.
Uşaqların Quba rayon Heydər Əliyev Mərkəzinə, Quba rayon Gənclər Mərkəzinə, rayonun tarixi guşələrinə, o cümlədən Qubadakı Soyqırım muzey-kompleksinə gəzintiləri təşkil olunub.
Düşərgənin bağlanışı ilə əlqadar təşkil olunmuş mərasimdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov yeniyetmələr qarşısında çıxış edərək keçirilən düşərgə layihəsinin əhəmiyyətini vurğulayıb, ölkə başçısı İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın uşaq və yeniyetmələrə olan diqqət və qayğısından, bu istiqamətdə həyata keçirdiyi layihələrdən söz açmış, rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, aparılan geniş miqyaslı abadlıq quruculuq işləri, həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat verib.