İndicə Səhiyyə Nazirliyinə aşağıdakı məzmunda məktub göndərməyə cəhd etdim, amma deyəsən, elektron ünvanları aktiv deyil.

Çünki öz poçtumdan http://health.gov.az ünvanına göndərdiyim məktub getmədi, onların səhifəsindən göndərdiyimin isə gedib-getmədiyi haqda informasiya olmadı.

"Salam!

Bu gün saat təxminən 17.15-də ağrıları olan həyat yoldaşıma sistem köçürülməsi üçün Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının 11 saylı Hövsan filialına müraciət etdik. Bizi qapıda qarşılayan həkim Azər İbrahimov sistemi köçürməkdən imtina etdi. "Əgər telefonla çağırsaq, gəlib evdə köçürərsiniz?" sualıma, Azər həkim "Gələrik, amma sistem köçürmərik!" cavabını verdi. "Bəs neyləyək, axı bazar günüdür, hər yer bağlıdır?" sualına isə, "Mən bilmirəm, özünüz "sestra" tapın, bizim ixtiyarımız yoxdur," - deyə cavab verdi.

Azər həkimə xəstələrə qarşı bu cür münasibətin düzgün hərəkət olmadığını söyləyib, Səhiyyə Nazirliyinə şikayət edəcəyimi bildirəndə, yaxasındakı lövhəciyi az qala gözümə soxaraq, amiranə, aqressiv və kobud tərzdə dedi: "Hara istəyirsən, şikayət elə, adım Azər, soyadım İbrahimovdur".

Bəlkə də, Azər həkimin təlimata əsasən, bu işi yerinə yetirmək hüququ yoxdur, mən bilmirəm, amma bir həkim olaraq, onun xəstələrlə, vətəndaşlarla, ən nəhayət, öz millətindən olan insanlarla bu cür kobud, yekəxana, həkimə, ziyalıya, insana yaraşmayan tərzdə davranması heç bir peşə etikası və mənəviyyat çərçivəsinə sığmır.

Digər tərəfdən, əgər onun həqiqətən xəstələrə bu xidməti göstərməyə ixtiyarı yoxdursa, istirahət günlərində bu işi kim yerinə yetirməlidir? Bəlkə, vətəndaşın heç tibbi prosedurları yerinə yetirəcək tanışı, qonşusu, qohum-əqrəbası yoxdur. O halda əziyyət çəkməli, yaxud ölməlidir?

Xahiş edirəm, bu məsələyə aydınlıq gətirəsiniz?

Hörmətlə, yazıçı-tərcüməçi: Nadir Qocabəyli (Quliyev)".