Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2016-cı ilin yanvar-iyun aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Mia.az-a daxil olan məlumata görə, komitə sədri Kərəm Həsənov 2016-cı ilin I yarısında da ölkə iqtisadiyyatının inkişaf etdiyini bildirib. Qeyd olunub ki, bu islahatların tərkib hissəsi kimi torpaq münasibətlərində yeni çağırışlar gündəmə gəlib, torpaq idarəçiliyinin təkmilləşdirilməsi, uçotun düzgün aparılması, torpaqlardan qeyri-qanuni istifadə hallarının qarşısının alınması kimi məsələlər daha da aktuallaşıb.

Komitə sədri bildirib ki, 2020-ci ilə kimi daşınmaz əmlakın vahid dövlət kadastrının formalaşdırılması, torpaqlardan istifadə və mühafizəsinin səmərəliliyinin artırılması, torpaqla bağlı vahid məlumat bazasının yaradılması və digər məsələlərin həlli nəzərdə tutulur.

Bildirilib ki, torpaqların kəmiyyət göstəricilərinə görə uçotu ilə yanaşı, həm də keyfiyyət göstəricilərinə görə uçotunun aparılması işləri davam etdirilir. Bu məqsədlə, müasir tələblərə uyğun, modern cihaz və avadanlıqlarla təchiz olunmuş Torpaq və Bitki Laboratoriyası istismara verilib.

Ünvan məlumatlarının Ünvan Reyestrinin İnformasiya Sisteminə inteqrasiya edilməsi həyata keçirilib.

Müşavirədə bildirilib ki, daşınmaz əmlakın qeydiyyatı və torpaq münasibətlərindən irəli gələn bütün məsələlər "bir pəncərə” prinsipinin tətbiqi ilə həll olunur.

Keçən 6 ay ərzində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı digər ölkələrin təcrübələri təhlil edilib. Beynəlxalq məsləhətçi şirkətlərlə görüşlər keçirilib, özəlləşmə ilə bağlı yeni yanaşmalar, prioritetlər müəyyənləşdirilib. Əsas məqsəd dövlət əmlakının özəlləşdirilməsində yerli və xarici investorların geniş iştirakına şəraitin yaradılması, əmlakın bazar dəyərinin müəyyənləşdirilməsidir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsində Apellyasiya Şurasının yaradıldığı qeyd olunub.

Müşavirənin sonunda komitə sədri komitənin gələcək fəaliyyəti və yeni vəzifələrlə bağlı tapşırıqlarını səsləndirib. Komitə sədri bildirib ki, torpaq idarəçiliyi ilə bağlı yeni təsdiq olunmuş Dövlət Proqramından irəli gələn məsələlər təcili həllini tapmalı və görüləcək işlərə dərhal başlanmalıdır. Kompleks tədbirlər daha intensiv və mükəmməl şəkildə davam etdirilməlidir.