Azərbaycan elminə ağır itki üz verib.
Bu barədə Mia.az-a AMEA-dan məlumat verilib.
Bildirlib ki, görkəmli alim, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi İsmayıl Əli oğlu İbrahimov vəfat edib: "Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan tanınmış alimin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır".
Allah rəhmət eləsin!
Xatırladaq ki, İsmayıl Əli oğlu İbrahimov 1915-ci il dekabrın 31-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub.
İsmayıl İbrahimov müəllimliklə yanaşı, o, 1960-cı ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun rektoru təyin olunur.
Nüfuzlu alimin istedadı və təşkilatçılıq qabiliyyəti rektor kimi özünü daha aydın göstərir. O, ali məktəbin bacarıqlı islahatçısı kimi yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını tədris prosesinin elmi-texniki təminatı ilə sıx əlaqələndirir, Elmlər Akademiyası institutlarının görkəmli alimlərinin və istehsalatda çalışan mütəxəssislərin tədris prosesinə cəlb edilməsinə xüsusi önəm verir. İ.İbrahimovun rektor kimi yorulmaz səyi və məqsədyönlü fəaliyyəti nəticəsində təhsilocağı keçmiş sovetlər ittifaqının və dünyanın aparıcı neft institutlarından birinə çevrilir.Heç də təsadüfi deyildir ki, həmin dövrdə SSRİ miqyasında ilk dəfə olaraq ali məktəb təcrübəsində neft və neft-kimya təmayüllü ali məktəblərarası Elmi-Metodik Şura yaradılır və İ.İbrahimov 1961-ci ildən 1988-ci ilədək həmin şuraya sədrlik edir.
Akademik həmçinin keçmiş SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi Elmi-Texniki Şurasının neft bölməsinin üzvü, SSRİ Ali məktəb "Elmi xəbərləri”nin və "Neft və Qaz” ümumittifaq jurnalının baş redaktoru olub. İqtisadi riyazi üsulların və EHM-in tətbiqi əsasında xalq təsərrüfatının idarə edilməsi üzrə komissiyanın sədri kimi İ.İbrahimov xalq təsərrüfatının kompüterləşdirilməsinin əsasını qoyub.
1968-ci ildə İsmayıl İbrahimov "Neft emalı və neft-kimya proseslərinin avtomatik nəzarət, tənzimlənmə və idarə olunması” mövzusunda dissertasiya işini müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsini alır və elə həmin ildə Azərbaycan EA-nın müxbir üzvü seçilir.
İdarəetmə sahəsində böyük təcrübəsi olan İ.İbrahimov 1970-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilir.Bu vəzifədə o, 1978-ci ilə kimi çalışır və respublikada elektron, radio və cihazqayırma sahələri üzrə istehsalat müəssisələrinin və yeni elmi-tədqiqat institutlarının yaradılmasında fəal iştirak edir, sənayenin neft emalı, kimya sahələrinin inkişafında, Azərbaycan energetika kompleksinin, maşınqayırmanın qabaqcıl dünya təcrübəsinə uyğun müasirləşməsində və səmərəliyinin artırılmasında öz bilik və bacarığını əsirgəmir.
Həmin dövrlərdən başlayaraq kompüterləşmə və informasiyalaşdırma problemlərinin tədqiqi və tətbiqinə verdiyi önəm bu gün də İ.İbrahimovun elmi, təşkilati, pedaqoji və ictimai fəaliyyətində istiqamətverici yer tutur.O, sonrakı illərdə (1978-1988) Azərbaycan Neft və Kimya İnstitutunun yenidən rektoru işləyərkən bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirir. 1981-ci ildə ona Azərbaycan Respublikasının Əməkdar elm xadimi adı verilir.
1983-cü ildə akademik bir qrup alim və mütəxəssislə birlikdə "İstehsalatın səmərəliyini yüksəltmək üçün idarəetmə və informasiya sistemlərinin hazırlanması və tətbiqi” adlı işə görə elm və texnika sahəsində SSRİ Dövlət mükafatına layiq görülür.
Alimin rəhbərliyi altında informasiyanın qıtlığı şəraitində iritonnajlı etilen istehsalatının riyazi modelləri və operativ idarəedilməsi ilə əlaqədar tədqiqatlar aparılıb, determenik və qeyri-səlis şəraitdə işləyən qeyri-stasionar reaktor kompleksinin operativ planlaşdırılmasının və optimal idarəedilməsinin riyazi modellər kompleksi işlənərək hazırlanıb.
Apardığı elmi tədqiqatların nəticələri barədə İ.İbrahimov müntəzəm olaraq beynəlxalq elmi məclislərdə, konfranslarda, simpoziumlarda, o cümlədən avtomatik idarəetməyə (Odessa, Batumi, Helsinki), neftə (Moskva, Tokio, Mexiko, London, Buxarest), qaza (Toronto, London, Lozanna) həsr olunmuş konqreslərdə məruzələrlə çıxış edib. 1986-cı ildə ona SosialistƏməyi Qəhrəmanı adı verilib.
Görkəmli tədqiqatçı 200-dən artıq elmi əsərin, o cümlədən 20-dən artıq monoqrafiya, dərslik, elmi-metodiki və tarixi kitabların müəllifidir. Onun rəhbərliyi altında çoxlu sayda elmlər namizədi və doktoru hazırlanıb.
İ.İbrahimov 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
1975-ci ildən bu günə kimi Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin "Kibernetikanın kompleks problemləri” üzrə Şurasının, hazırda Respublika Elmi Tədqiqatları Əlaqələndirmə Şurasının İnfomasiya texnologiyaları və avtomatlaşdırma Problem Şurasının sədridir. Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin büro üzvüdür. 1997-ci ildən bu günə kimi AMEA-nın İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisidir. İ.İbrahimov AMEA İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirilən vahid milli elmi informasiya fəzasının formalaşdırılması və Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyası məqsədini daşıyan "Elektron elm” proqramı layihəsinin elmi məsləhətçisidir.
Akademik İsmayıl İbrahimov elmdə əldə etdiyi nailiyyətləri və elmi kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə saysız-hesabsız Fəxri Fərman, orden və mükafatlarla təltif edilib. O, Azərbaycan Respublikası, SSRİ, Rusiya Federasiyası və bir sıra digər xarici dövlətlərin 40-dan artıq orden, medal və mükafatına layiq görülüb. 2005-ci ildə Azərbaycan Respublikasının sosial, ictimai və mədəni həyatında böyük xidmətlərinə görə ona Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib. 2015-ci ildə isə AMEA-nın 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının "Şərəf” ordeni ilə təltif edilib.
Akademik əvvəlki kimi indi də ictimai işlərlə məşğul olur. 1988-ci ildən bu günə qədər Azərbaycan Uşaq Fondunun sədri, Uşaq Fondları Beynəlxalq Assosiasiyasının vitse-prezidentidir. İ.İbrahimov Assosiasiyanın ən ali mükafatına – "Qızıl medal”a layiq görülüb.