Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin I yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında dövlət başçısının nitqindən irəli gələn vəzifələr Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş toplantısında ətraflı müzakirə olunub, ilin II yarısında qarşıda duran mühüm vəzifələr müəyyənləşdirilib.
Mia.az xəbər verir ki, iclası giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Nazirlər Kabinetinin iclasında dövlət başçısının çıxışı, icra orqanlarının qarşısında qoyduğu yeni vəzifələr barədə ətraflı məlumat verib.
Rayon rəhbəri bildirib ki, ilin əvvəlindən Nəsimi rayonunun iqtisadi və sosial həyatında baş verən dəyişiklikləri əyani surətdə əks etdirən makroiqtisadi göstəricilər informasiya və rabitə, tikinti, ticarət və xidmət sahələri üzrə daha dinamik olub.
Hesabat dövründə rayon üzrə 247000 min manatlıq sənaye məhsulu istehsal edilmiş, nəqliyyat müəssisələri 51200 min manatlıq, rabitə müəssisələri isə 29000 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çox xidmət göstərilib. Rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 405980 min manatlıq investisiya yönəldilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 12 faiz çoxdur.
Pərakəndə ticarət şəbəkəsində əhaliyə 337620 min manat məbləğində və ya 0,4 faiz çox istehlak məhsulları satılıb. Rayonda 6 ayda 1002 doğum və 562 ölüm, 536 nikah və 236 boşanma qeydə alınıb.
Daha sonra bildirildi ki, Prezident cənab İlham Əliyevin son dövrdə yerli icra strukturlarına verdiyi tapşırıqların icrası ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti ilin birinci yarısında məqsədyönlü tədbirlər həyata keçirilib.
Asif Məhərrəmov küçəsində yaşayış binalarının qarşısında yerləşən parkda əsaslı təmir işləri aparılmışdır. Parkın ərazisinə İtaliya istehsalı olan 3000 kvadratmetr tamet, 3000 kvadratmetr asfalt örtük döşənib.
Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, idmanla məşğul olmaları üçün idman qurğuları, azyaşlı uşaqlar üçün xüsusi əyləncə avadanlıqlarından ibarət meydançalar salınıb.
Hesabat ətrafında çıxışlarda ayrı-ayrı sahələrdə qazanılmış uğurlar və qarşıda duran vəzifələr ətraflı müzakirə edilib. İclasda ilin ikinci yarısında həllini gözləyən önəmli məsələlər konkretləşdirilib.