Bakının Nizami rayonunda - "Qara Qarayev” və "Xalqlar Dostluğu” stansiyaları arasındakı yol kənarındakı yaşıllıq ərazilərin qırılaraq yerində obyekt tiikilməsi yönündə sosial şəbəkələrdə yayılan xəbər və fotolara Nizami Rayon İcra Hakimiyyətindən rəsmi reaksiya bildirilib.
Mia.az Azinforum.az-a istinadən xəbər verir ki, Nizami Rayon İcra Hakimiyyətinin baş memarı Azər Məmmədov yayılan məlumatların heç bir əsası olmadığını deyib:
"Yəqin bilirsiniz ki, son vaxtlar Nizami rayon ərazisində böyük abadlıq işlərinə start verilib. Xüsusilə də, rayonun yol infrastrukturunun tamamilə yenilənməsi həyata keçirilir.Deyilən ərazidəki yolda olan sıxlığı hamımız müşahidə etmişik. Xüsusilə də, 8 km bazarına yaxın ərazidə marşrut avtobuslarının arda-arda dayanaraq sərnişin götürməsi böyük tıxacların yaranmasına səbəb olur. Bu məqsədlə biz sözügedən yerdə avtobusların yan alması üçün bir qədər geniş dayanacağın tikilməsi layihəsini təsdiqləmişik. Bu layihə bütün əlaqədar qurumlarla razılaşdırılıb. Heç bir obyekt tikintisindən söhbət gedə bilməz. Bəzi saytlarda təqdim edilən fotolardan da görünür ki, həmin ərazi obyekt tikintisi üçün yararlı deyil. Biz dəqiqləşdirilmədən yayılan bu tip informasiyalara təəssüflənirik. Hesab edirik ki, həmin xəbərlər rayonda aparılan işlərə kölgə salmaq məqsədilə yayılır”.