Dünən axşam saatlarında Sumqayıt şəhərini böyük ölçüdə tüstü-yanıq qoxusu bürüdü. Bu barədə Ekologiya və Təbii SərvətlərNazirliyinin qaynar xəttinə məlumat verildi.

Xatırlayırsınızsa, il yarım öncə ölkə mediasında, bir çox xəbər portallarında Sumqayıtın çıxışında yerləşən və şəhərin bütün məişət tullantılarının atıldığı poliqonda zibillərin yandırılması ilə bağlı həyəcan təbili çalındı və problem xeyli dərəcədə qabardıldı. Həmin videogörüntülər şəhərdə ekoloji cəhətdən ciddi problemlərin olduğunu sübut etdi. Bir müddət sonra bu barədə ciddi tədbir görüldü, ərazi torpaqlandı, problemə məsul qurum rəhbərlərinə son tapşırıqlar verildi. Bununla tullantıların yandırılmasının qarşısı alındı. Həqiqətən də son il yarımda Sumqyaıt sakinləri təmiz hava aldılar. Lakin...

Sumqayıt sakinləri yenidən zəhərli tüstü ilə boğulmaqdadır – SOS (FOTOLAR)

Təəssüf ki, son 1 ayda sumqayıtlılar az az da olsa, yenidən tüstü qatının, zəhərli maddə qoxularının qayıtmasını söyləyirlər. Amma dünənki vəziyyət daha kritik həddə çatmışdı və problemin yenidən baş qaldırmasını göstərdi. Hətta şəhərin 1, 2, 3, 5, 8, 9-cu mikrorayonlarında, 34, 36, 41, 42, 45-ci məhəllərində daha kəskin hiss olunurdu. Doğrudan da şəhərin mərkəz hissələrində nəfəs almaq damüşkülə çevrilmişdi.
Sumqayıt Şəhər Təmizlik Departamentinin balansında olan məişət tullantılarının zərərsizləşdirilməsi üçün nəzərdə tutulan poliqona yaxınlaşdıqca yanıq qoxusu şiddətli hal alırdı və məcburən avtomobilin aynalarını bağlayası olduq. Az sonra qurunt yolla əraziyə daxil olanda gördüklərimizdən dəhşətə gəldik. Ərazi atışma sonrası elə döyüş poliqonunu xatırladırdı, hər tərəf tüstüyə bürünmüşdü, bəzi yerlərdə alov işartıları aydın sezilirdi. Göz açmaq, nəfəs almaq olmurdu. Həqiqətən də, tüstüdən ətrafı yaxın 30 metri belə görmək qeyri-mümkün idi. Ərazi insan sağlamlığı üçün ciddi təhlükə törədirdi və oraya əleyhqazsız girmək özü də bir risk idi. Orada bizi poliqonun gözətçisi qarşıladı. O, əvvəlcə söylədi ki, bu yanğın barədə məlumatsızdır. Hətta bunu da bildirdi ki, hazırda alov sönüb, qalan yalnız tüstüdür və bu kəskin qoxu da ondandır.

Sumqayıt sakinləri yenidən zəhərli tüstü ilə boğulmaqdadır – SOS (FOTOLAR)

Bu da poliqonun ərazisində deyil, qarşı – dərənin o biri tərəfində yandırılıb. Ən maraqlısı isə budur ki, poliqonun gözətçisi yanğının buraya yaxın ərazidə yaşayan sakinlərin törətdiyini bildirdi. Tərəfimizdən ərazidə müşahidə apardıqdan sonra isə məlum oldu ki, poliqonun bir neçə sahəsində tullantılar bilərəkdən yandırılır. Bunun kimin törətdiyini soruşduqda isə gözətçi sualımıza belə cavab verdi: "Kənar şəxslərin müdaxiləsi nəticəsində poliqonda yanğın törədilir və buna nəzarət etmək olmur”. Həqiqətən də böyük poliqona bir nəfərin nəzarət etməsi qeyri-mümkündür. Amma bu, məsələnin açıq qalmasına rəvac vermir. Gözətçi onu da qeyd etdi ki, yanğın 20:00-dan başlayıb, rəhbərliyə də bu haqda məlumat verilib. Görünən isə bu idi ki, saatın 00:30 olmasına baxmayaraq yanğın davam edirdi və ərazidə problemin qarşısını almaq üçün hansısa tədbirlər görülmürdü.
Görünür, nəzarətsizlikdən istifadə edən bəzi şəxslər şəhərin ekologiyası, insanların sağlamlığını düşünmək əvəzinə öz şəxsi mənafelərini güdür. Çünki Sumqayıt sakinləri zəhərli tüstü ilə yenidən boğulmaqdadır.
Xeberle.com saytı olaraq bu halı kəskin şəkildə tənqid edir, bu işə məsul qurumlardan izahat tələb edirik. Eyni zamanda Sumqayıt rəhbərliyindən məsələyə reaksiya verməyi, problemin həll olunması istiqamətində konkret addımların atılmasını xahiş edirik.
Sumqayıt şəhərində aparılan abadlıq-quruculuq işlərini, şəhərdə həm ekoloji, həm də estetik baxımından gərəkli olan ağaclarının əkilməsini, kompleks yaşıllaşdırma tədbirlərinin aparılmasını nəzərə alsaq, bu olay həyata keçirilən böyük iş və layihələrə kölgə sala bilər. Ümidvarıq ki, qısa müddət ərzində həll onunan digər məsələlər kimi, şəhər rəhbərliyinin dərhal müdaxiləsi nəticəsində bu problem də dərhal həllini tapacaq
Xeberle.com