Azərbaycan Dövlət İqtisad Universiteti rektorunun sabiq müşaviri, professor, İqtisad elmləri doktoru Bədirxan Musayev Azərbaycan preizdenti İlham Əliyevə, Heydər Əliyevin məzarına, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və digər rəsmi şəxslərə yenidən müraciət edib.

Professor yazır ki, ötən ay müxtəlif dövlət qurumlarının rəhbərlərinə müraciət edərək, vaxtı ilə 40 il adıçəkilən universitetdə  kafedra müdiri işləyib, eyni zamanda sabiq rektor Şəmsəddin Hacıyevin müşaviri olduğundan orda baş verən bütün korrupsiya əməliyyatlarını yaxından təqib edərək, Prezidentə bu barədə açıq müraciət etməsindən sonra dözülməz durumla üzləşib:

"Bəli, məhz 2011-ci ildək bu barədə ölkə prezidentinə öz imzamla müraciətlər yazdım. Gördüm ki, baxan, qiymət verən, araşdıran yoxdur. Odur ki, 2011-ci ilin noyabr ayında rektor Ş.Hacıyevin korrupsiyası, tayfabazlıqla universiteti "bandit düşərgəsi”nə çevirməsi və sair qanunsuzluqları ilə bağlı "Reytinq” qəzetində açıq müraciət yazdım. Məhz qəzetdəki bu açıq müraciətdən dərhal sonra Ş.Hacıyev məni müşavir vəzifəsindən azad elədi. Bundan bir həftə sonra isə kafedra müdiri vəzifəmdən rüsvayçı və tamamilə əsassız formada uzaqlaşdırdı. O zaman Ş.Hacıyev məni vəzifələrimdən azad etmək üçün "qoluboy” işçisindən tutmuş, korrupsiya mexanizmindən əsas rol alan qaraçı şüvənliyi olan dəstəsinin yaxından köməyindən istifadə elədi. Mən abrıma, hörmətimə qısılıb, bunlarla küçə səviyyəsinə enmədim, ancaq onların hərəkətləri haqda iclasın video-çəkilişləri var, bunlara baxsanız, Hacıyevin hansı xarakter sahibi olduğunu əla görəcəksiniz. İstənilən zaman Ş.Hacıyevin özünün çəkdirdiyi, mənim isə 500 manata satın aldığım həmin diskin nüsxəsini sizlərə təqdim edə bilərəm.

Bütün bunları ona görə xatırladıram ki, düz 5 ildir dayanmadan bu barədə, eyni zamanda universitetdəki korrupsiya faktlarını sənədlərlə Baş Prokurorluğa, məhkəmələrə, Prezident Aparatına, Milli Məclisə göndərsəm də, araşdıran yoxdur. Daha dəqiqi, Hacıyev bütün bunları oğurladığı pullarla asanlıqla qapadır.

Baxın, hələ Heydər Əliyev KQB-nin rəhbəri olan zaman onunla çox yaxşı dostluq münasibətimi (bu barədə ötən müraciətlərimndə detallı məlumat vermişəm- B.Musayev) nəzərə alaraq, ötən ay onun məzarına müraciətimi qoydum, hesab elədim ki, hər gün Ulu Öndər deyərək, əməlləri ilə ona qarşı çıxan məmurların bəlkə ədalət  hissi oyanar. Doğrudan da bundan sonra hazırda YAP Səbail rayon təşkilatının sədri, deputat Şəmsəddin Hacıyevin vaxtı ilə mənə qarşı qanunsuz əməllərindən, universitetdəki korrupsiya və rüşvətxorluqla bağlı etdiyim müraciətlə bağlı tərpəniş yarandı. Həmin müraciətimə Prezident Administrasiyasından, Prokurorluqdan, Ali Məhkəmədən cavablar gəldi. Məsələn, Baş Prokurorluq mənə yazıb ki, müraciətim baxılmaq üçün Milli Məclisə göndərilib. 

Maraqlı burasıdır ki, Ali Məhkəmədə cavab verdi ki, "müraciətiniz baxılması üçün Baş Prokurorluğa göndərilib". Hələ də anlaya bilmirəm ki, bu qurumlar niyə şikayətləri bir-birinin üzərinə atırlar ki?!

Ən əvvəl onu da qeyd edim ki, mənim əsas müraciətim Ulu Öndər Heydər Əliyevin məzarına edilmişdi. Hesab edirəm ki, bu şikayətimə birbaşa ölkə prezidenti, hörmətli İlham Əliyevin şəxsi nəzarətiylə baxılmalı idi. Ancaq yuxarıda qeyd etdiyim kimi, dövlət qurumları müraciətimi yuxarıdan aşağıya doğru bir-birinin üzərinə yönləndirməklə, sanki Şəmsəddin Hacıyevin yanında gözükölgəli olduqlarını təsdiqləyirlər.  Axı, Milli Məclis öz deputatından şikayətə necə baxa, ona necə ədalətli qiymət verə bilər?!

Eyni zamanda, Milli Məclisin aparat rəhbəri Səfa Mirzəyevin Ali Məhkəmənin sədr müavini olan qardaşı Hikmət Mirzəyevlə Şəmsəddin Hacıyev çox yaxın dostdur. Hətta mən rektorun müşaviri olan zaman Şəmsəddin Hacıyev dekan Telman Babayevlə məhkəmə çəkişməsini məhz Hikmət Mirzəyevin dəstəyi, hakimlərə qanunsuz təsiri və rüşvətin gücüylə uddu. O,  məhz Hikmət Mirzəyevin dəstəyi ilə mənim də məhkəmə orqanlarında qanuni haqlarımı bərpa etməyimə, rüşvət, korrupsuya, universitetin əmlaklarının talanması və digər faktlarla bağlı iddialarıma obyektiv baxılmasına imkan vermədi. Hacıyev demək olar hakimlər korpusunu satın alaraq, istədiyi qanunsuz qərarları çıxartdırır".

Professor deyir ki, o müraciətindən ötən bir ay ərzində gəldiyi qənaət onu yanıltmayıb:

"Bəli, həmin yazışmalardan sonra şikayətimlə bağlı hər hansı bir  tərpəniş yoxdur. Görünür, bu ölkədə haqqını qorumaq, şikayətlərinə hüquqi qiymət verilməsi və eyni zamanda, Hacıyevin haqq etdiyi cəzanı alması üçün gözlənilməz, hay-küylü hadisələr törətməlisən. Ki, sənin şikayətin araşdırılsın. Axı, mənim yaşım və sahibi olduğum elmi titularım, maddi imkanlarım bu cür aksiyalara imkan vermir. Məndən nə istəyirsiz, nələr gözləyirsiz, axı? Bu yaşımda qan tökməyimi, yaxud ölkədən mühacir kimi getməyimi istəyirsiniz?!”.

Professor Musayev onu da bildirib ki, son 5 ildə Prezident İlham Əliyevə və məmurlara Şəmsəddin Hacıyevin ona qarşı əməlləri və yol verdiyi qanunsuzluqlar haqda 340-350 dəfə müraciət edib:

"Məmurların hər birinə 100 səhifədən çox Ş.Hacıyevin əməllərinin araşdırılması haqda inkar olunmaz sənədlər təqdim etmişəm. 4100 nəfərdən çox respublika ziyalıları tərəfindən prezidentə məni qəbul etməsi üçün 6 dəfə müraciət olunub.  

Mətbuatda Ş.Hacıyevin barəsində tədbir görülməsinə çağırış edən 300-dən çox faktoloji məqaləm çap olunub. 100-dək Şəmsəddinin satın aldığı məhkəmə hakimləri ilə üz-üzə gəlmişəm. Ancaq YAP-a üzqarası olan Hacıyevin pulunun qarşısında ədalətin gücü qıldan da incə olub. Hansı ki, bu adam, yəni Ş.Hacıyev Dərbənd filialına tələbə qəbulundan 145-150 milyon manat, daxili və xarici köçürmələrdən 80-100 milyon manat, digər mənbələrdən 350-400 milyon manat mənimsəyib. Təmir-tikinti işlərinin lahiyə dəyərinin 40%-i yayındırılıb. Eyni zamanda, Dərbənd şəhərində universitet vəsaiti hesabına öz adına 0,5 hektar torpaq sahəsini sənədləşdirmiş və 3 dəfə universitetə satmışdır. Universitetdə qeyri-qanuni "İqtisadçı 2005”, "Turan 2009” şirkətləri yaratmış, universitetin kooperativ binasının böyük hissəsini özəlləşdirmiş, Quba rayonunun Nügədi kəndində olan istirahət bağını xarabazarlığa çevirib. Ancaq Hacıyev rektor vəzifəsindən qovulsa da, vaxtılə universitetin müəllimləri üçün tikilən binada mənzil bağışladığı PA-nın, YAP-ın, Nazirlər Kabinetinin və digər qurumların məsul əməkdaşlarının dəstəyi ilə YAP-a soxularaq, özünə toxunulmazlıq səddi yaratdığını düşünür.  Ancaq o, o qədər çirkab içindədir ki, yəqin buna görə Siz Ş.Hacıyevin Milli Məclisdə komitə sədri seçilməsinə razılıq verməmisiniz.

Hörmətli cənab Prezident İlham Əliyev, sədri olduğunuz bir partiyada belə bir adamın olmasına necə qiymət vermək olar axı?!”.

Professor yazır ki,  Ş.Hacıyev vaxtı ilə universitetin koperativ binasının zirzəmisi və 1-ci mərtəbəsini də qeyri-qanuni özəlləşdirib: "O,  birinci mərtəbəni 3 milyon manata satıb, Pirşağada 10 hektar torpaq sahəsini zəbt edib. İndi sotunu 8 minə satır. Şəhərdə 11 mənzil ələ keçirib. Birinci mənzilə qeyd olunub, axırıncı mənzildə yaşayır, qalanlarını kirayə veribdir.

Hörmətli cənab mərhum Prezident! Bu, mənim sizə və aidiyyatı qurumlara son müraciətimdir. Ümid edirəm, gözləyirəm və son dəfə xahiş edirəm, Ş.Hacıyevin yuxarıda törətdiyi əmələrini araşdırıb, onu cinayət məsuliyyətinə cəlb edəsiniz. Əks halda bu yaşımda ölkədə sensasiya yaradacaq əmələ əl atacağıma, haqqımı belə bərpa edəcəyimə məcbur qalacağam”.

"Reytinq" qəzeti