Nəsimi rayonu S.Poladi adına 159 saylı tam orta məktəbdə 15 iyun- "Milli Qurtuluş Günü” münasibətilə "Vətən torpağı əzizdir mənə” mövzusunda tədbir keçirilib.
Əvvəlcə məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgi və siniflərin aylıq divar qəzetləri nümayiş etdirilmişdir. Tədbir dövlət himni ilə başlanılmış və məktəbin şagirdləri – Səmədzadə Samir, Sadıqova Mədinə, Səmədzadə Jalə, Səfərova Aydan, Qafarlı Murad və Qasımova Dilarə vətənpərvərlik mövzusunda şerlər səsləndirmişlər.
Məktəbin şagirdi İsa Abdullazadənin ifasında "Azərbaycan” mahnısı səsləndirilmiş və rəqs qrupu iştirak
etmişdir. Sonra Zabitlər Evinin əməkdaşları- Leyla Qəhrəmanova, Elçin Məmmədov
və Vüsal Ağayevin ifa etdikləri "Dahi insan” və "Azərbaycan” mahnıları tədbir
iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
Tədbirdə 15 iyun- "Milli Qurtuluş
Günü” ilə bağlı slayd və Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən
bəhs edən qısametrajlı film nümayiş etdirilmişdir.
Tədbirdə
iştirak edən Nəsimi Rayon İcra Hakimiyyətinin
Başçısı Asif Əsgərov tədbir
iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edərək bildirdi ki, Heydər Əliyevin 1993-cü ildə
xalqın tələbi ilə böyük siyasətə qayıdışı Azərbaycan tarixində yeni eranın
bünövrəsini qoydu. Respublikamızda müstəqilliyin yenidən bərpa edilməsinin ilk
günlərindən başlayaraq, ölkədə hərc-mərclik, dərəbəylik hökm sürür, xarici dövlətlərin
xüsusi xidmət orqanları Azərbaycanda istədikləri sahələrə nüfuz edir,
respublikanı parçalamağa cəhd göstərirdilər. Müstəqil dövlət kimi öz xarici
siyasətini, iqtisadiyyatını qurmaqda bir sıra problemlərlə qarşılaşmış Azərbaycan
Respublikası xüsusilə 1991-ci ilin sonları, 1992-ci ilin birinci yarısına qədər
hələ də Moskvanın ətəyindən əlini üzməmiş rəhbərlərin acizliyi və ölkədə
yaranmış xaosu, idarəetmədəki boşluğu aradan qaldıra bilməməsi ucbatından
bir-birini əvəzləyən bəlalarla üzləşirdi.
Xalqın təkidi ilə ikinci dəfə
hakimiyyətə qayıdan Heydər Əliyev cəmi bir neçə ay ərzində artıq müstəqilliyini
itirmək, vətəndaş müharibəsi təhlükəsi qarşısında olan Azərbaycan
Respublikasını və onun dövlətçiliyini xilas etdi. Heydər Əliyev bir daha sübuta
yetirdi ki, azərbaycançılıq ideyası separatizmdə yox, respublikamızdakı bütün
etnos və etnik qrupların vahid ailə olduqlarını dərk etdiyi zaman yaşaya bilər
və bu ideya Azərbaycan xalqının milli təhlükəsizliyinə ən etibarlı təminatdır.
Heydər Əliyev zəkasının şah əsəri
olan Azərbaycan bu gün dünyanın sayılıb-
seçilən dövlətlərindən biri, harada yaşamasından asılı olmayaraq bütün
dünya azərbaycanlılarının qürur mənbəyidir. Bu dövlətin dahi qurucusu Heydər
Əliyevin özü isə milli dövlətçiliyimizin mənəvi atasıdır.
Dahi rəhbər özündən sonra möhtəşəm
bir məktəb qoyub. Bu gün Azərbaycan dövlətinin sükanı arxasında dayanan hörmətli
Prezidentimiz cənab İlham Əliyev dahi Heydər Əliyev məktəbinin ən istedadlı
yetirməsi, layiqli davamçısıdır. Hörmətli Prezidentimiz dəfələrlə bəyan edib
ki, Azərbaycan dövlətinin Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursu
dəyişməzdir, dönməzdir. Çünki bu yol ölkəni işıqlı gələcəyə aparan yeganə
düzgün yoldur, iqtisadi inkişaf, sabitlik, əbədi müstəqillik yoludur.
Bu gün müstəqil Azərbaycana
enerjili, intellektual, vətənpərvər, ən əsası isə Heydər Əliyev kimi titanik və
dahi bir şəxsiyyətin ocağının istisində böyümüş, ərsəyə gəlmiş bir şəxsiyyətin-
Prezident İlham Əliyevin rəhbərlik etməsi xalqımızın alın yazısıdır. Tanrı onun
üzərinə tarixi bir missiya qoymuş, müdrik xalqımız ona olduqca çətin və şərəfli
bir vəzifəni etibar etmişdir. Elə bir vəzifəni ki, bugünümüz və sabahımız
yalnız və yalnız ondan asılıdır. Bu baxımdan Azərbaycan xalqı öz tarixinin ən şərəfli
dövrlərindən birini yaşayır. Bütün sahələrdə dinamik inkişaf, işgüzarlıq
müşahidə edilir. Yorulmadan xalqın maraq və mənafeləri, firəvan yaşayışı, təhlükəsizliyi
uğrunda mübarizə aparan liderin- Prezident İlham Əliyevin Heydər Əliyev dövlətçilik
irsini uğurla davam etdirəcəyi danılmaz həqiqətdir.