Alman-Azərbaycan Xarici Ticarət Palatası 2 iyun 2016-cı il tarixində Holiday Inn Hotelində "Sənayenin təkmilləşdirilməsi üçün innovativ texnologiyalar” mövzusu ətrafında keçiriləcək forumla bağlı xəbər yayıb.

Palatadan Mia.az-a verilən məlumata görə, Forum Saksoniya vilayətindən olan müəssisələrin Azərbaycana səfəri ilə əlaqədar olaraq Sachsen GmbH İqtisadi Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilir.

Tədbirin rəsmi açılış mərasimindən və şirkətlərin təqdimatından sonra Almaniya və Azərbaycan müəssisələri arasında maşınqayırma və avadanlıq, neft-kimya və kimya sənayesi, enerji təchizatı və nəzarət, elektrotexnika, qaynaq avadanlığı, gəmiqayirma və təmiri, kran, tikinti və daşınmaz əmlak, əməliyyat təhlükəsizliyi vasitələri sahələrini təmsil edən şirkətlərlə ikitərəfli görüşlər baş tutacaq. Azərbaycan şirkətləri bu görüşlərdən yeni biznes imkanları əldə etmək, yeni layihələr tanımaq, şəbəkələrini güclü əməkdaşlıq və lazımlı tərəfdaşlar ilə genişləndirmək üçün istifadə edəcəkdir.

Tədbirdə iştirak ödənişsiz olacaqdır. Tədbir alman dilində keçiriləcək və Azərbaycan dilinə tərcümə olunacaqdır.