AMEA Fizika İnstitutunun aparıcı elmi əməkdaşı, Profossor Qüdrət İsaqov Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova, Daxili işlər naziri Ramil Usubova, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevə, Prezidentin İctimai-Siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərova açıq məktubla müraciət edib.
Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi 39A, mən 3 ünvanda yaşayan professor Qüdrət İsaqovun Mia.az-a daxil olan məktubunu olduğu kimi təqdim edirik:
Müraciət
"Hörmətli cənablar!
1992-ci ildən bu günə kimi ailəmlə birlikdə yuxarıda göstərdiyim ünvanda 3 otaqlı mənzildə yaşayıram. Bütün bu müddət-24 il ərzində hər bir Azərbaycan vətəndaşının konstitusion hüquqları olan istirahət etmək hüququndan, ekoloji təmiz mühitdə yaşamaq hüququndan məhrum olmuşuq. Mənzilimizin altında çəkilən siqaret və digər tüstüləri udmuşuq. Zirzəmiyə tanımadığımız insanlar gəlib-gedib. Zirzəminin küçəyə baxan aparıcı divarı sökülmüş və qapı açılmışdır. Son zamanlar zirzəmidə aktivlik artıb. Tanımadığımız insanlar zirzəmiyə gələrək burada tikinti-söküntü işlərinə başlayıblar.
Aldığım məlumatlara görə, AMİP-in Binəqədi rayon şöbəsinin mənim mənzilimin altında yerləşən zirzəmidəki otaqlara icarə müqaviləsi də ləğv edilmişdir.
Nəzərinizə çatdırıram ki, Xətai Rayon Məhkəməsi də 05 may 2010-cu il tarixdə mənim iddiamla AMİP-lə Əmlak Komitəsi arasında bağlanan icarə müqaviləsini ləğv edən Qətnamə qəbul etmişdi. Qətnaməni 05.05.2016 tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova, Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil Usubova Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevə ünvanladığım müraciətimə əlavə etmişəm.
Sərəncamı və mənzilimin kupçasını, zirzəminin planını da adlarını çəkdiyim qurumların başçılarına təqdim etmişəm.
Sizdən xahiş edirəm mənə bilavasitə mənzilimin otaqları altında yerləşən zirzəminin 10, 11, 12 və 14 saylı otaqlarının (cəmi 56 m2) icarəyə verilməsi və ya özəlləşdirilməsi haqqında göstəriş verəsiniz. Bu nömrələmələr Binəqədi rayon xalq deputatları sovetinin icraiyyə komitəsinin 25 oktyabr tarixli 19/484 saylı sərəncamına əlavə olunan 39A saylı binanın zirzəmisinin planında açıq şəkildə göstərilib. Mən digər sahələrə iddia etmirəm, mən yalnız mənzilimin altındakı otaqlara iddia edirəm. Bu və ya digər səbəblər üzündən mənə vermək istəmirsinizsə, mənzilimin altında kənar adamların dolaşmasına və konstitusion hüquqlarımın pozulmasına imkan verməyin. Zirzəminin qapısını hörün və binanın möhkəmliyini qismən də olsa təmin edin.
Sərəncamı və planı, mənzilimin kupçasındakı layihəni 05.05.2016 tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinə, Daxili İşlər Naziri Ramil Usubova, Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim etmişəm.
100-dən çox elmi işim xaricdə dərc olunub.
Nəzərinizə çatdırıram ki, 2008 və 2013-cü illərdə prezidentliyə namizəd olmuşam, Prezident seçkilərindəki fəaliyyətim haqqında "Mənim Prezidentim İlhamdı" adlı kitab yazmışam. Kitabımı şəxsən Prezidentimizə hədiyyə etmişəm.
1993-cü ilin yanvar ayının sonlarında enerji böhranı ilə əlaqədar olaraq Naxçıvanda olmuşam. Ulu Öndər Heydər Əliyev 1,5 saat müddətinə məni qəbul edib. Onunla 1,5 saatlıq görüşümdən 1 kitab yaranıb. Kitabım "Heydər Əliyev tarixlər yaratdı. Heydər Əliyevin və İlham Əliyevin tarixi missiyaları" adlanır. Bu kitabımı da Prezidentimizə, Prezident Administrasiyasına- Ramiz Mehdiyevə, Əli Həsənova və başqalarına vermişəm.
Kitablarımın şəkllərini Əmlak Komitəsinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Daxili işlər Nazirliyinə təqdim etmişəm.
Bunlardan əlavə Facebookda daimi fəaliyyət göstərən 10 minlərlə izləyiciləri və üzvləri olan "Mənim Prezidentim İlhamdı" adlı həm səhifə, həm də qrup yaratmışam.
Yuxarıda dediklərimə əlavə olaraq bildirirəm ki, bütün qanunlar mənim tərəfimdədir. Qanunlarımızın hamısı çoxmənzilli binalarda yaşamayan insanların həmən binalardakı qeyri-yaşayış sahələrini, ələlxüsus da zirzəmiləri icarəyə götürməyə və özəlləşdirməyə imkan vermir.
Nəzərinizə çatdırıram ki, heç kəsin tanımadığı insanların binamızın zirzəmisində dolaşması həm də milli təhlükəsizliyimizə zidddir.
Hazırda binamızın zirzəmisində tanımadığımız insanlar tikinti və söküntü işləri aparırlar, binamızı zəlzələyə dözümsüz hala salırlar. Binanın isitmə sistemi və digər kommunikasiyalar da zirzəmidən keçir!
10 minlərlə icarədarlardan fərqli olaraq, mən bilavasitə ölkəmizin əmin-amanlıq şəraitində yaşaması naminə fəaliyyət göstərirəm.
Ümid edirəm ki, Siz yüksək ranqlı məmurlar olaraq, ömrünü Sizin də mühüm təmsilçilərindən olduğunuz dövlətin inkişafına və əmin-amanlığına sərf edən mənim cüzi və qanuni xahişimi yerinə yetirəcək, gələcəkdə daha böyük işlər görməyimə yardımçı olacaqsınız.
Ümidvaram ki, dunyada və regionumuzda terror hadisələrinin artdığını da nəzərə alacaqsınız və təcili tədbirlər görəcəksiniz.
Nəzərinizə çatdırıram ki, çoxmənzilli binalarda zirzəmilərin və binanın digər qeyri yaşayış sahələrinin kənar şəxslərə icarəyə verilməsi, onlar üçün özəlləşdirilməsi mənzil məcəlləsinin bir çox müddəalarına ziddir.
Zirzəmilərin kənar şəxslərə icarəyə verilməsi və onlar üçün özəlləşdirilməsi milli təhlükəsizliyimizə təhdid yaradır.
Zirzəmilərdə böyük təmir, tikinti və söküntü aparmaq şəhərsalma qanunlarına ziddir.
Zirzəmilərdə böyük təmir, tikinti və söküntü işlərinin aparılması qarşısıalınmaz fövqəladə hallar yarada bilər.
Zirzəmilərin kənar şəxslərə icarəyə verilməsi və onlar üçün özəlləşdirilməsi ictimai-siyasi situasiyanın gərginləşməsi deməkdir.
Cənab Hacıbala Abutalıbov! Vəziyyətin bu dərəcədə kritik bir vəziyyətə düşməsində sizin böyük günahınız var. Sizin siyasi arenada yüksəlişinizdə mənim böyük zəhmətim olub. Mən sizinlə birgə 20 yanvar hadisələri ərəfəsində 5 mitinq təşkil etmişik. Bu mitinqlərdən 2-si Prezident Aparatının qarşısında, 2-si Ali Sovetin qarşısında, 1-i Səlyan kazarmaları qarşısında keçirilib. Bu mitinqlərin hamısında aparıcı mən olmuşam, sizə də çıxış üçün mən söz vermişəm.
10 ildən çoxdur ki, mən respublikamızda əmin-amanlıq üçün çalışıram. Öz mənzilimdə həm yaşayıram, həm yaradıram, həm də mənzilimi ofis kimi istifadə edirəm. Siz mənim mənzil şəraitimi yaxşılaşdırmaq, mənə mənzil vermək əvəzinə, mənzilimin altına kənar insanları yerləşdirməklə, əsasən mənə və ailəmə, binamızda yaşayan bütün insanlara böyük narahatçılıq yaratdınız.
Hörmətlə,
Prof.Dr. Qüdrət İsaqov
Avropa Təbiət Elmləri Akademiyasının akademiki,
Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı
Baş redaktorunun müavini.
AMEA Fizika İnstitutunun aparıcı elmi əməkdaşı".