Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010-cu il aprelin 4-dən başlayaraq, abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə sınaq imtahanları keçirir. İlk sınaq imtahanı Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Şəmkir, Ağstafa, Yevlax, Kürdəmir, İmişli, Şirvan, Lənkəran və Biləsuvar şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Culfa, Şərur və Şahbuz rayonlarında keçiriləcək. TQDK-nın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bu imtahanda iştirak etmək üçün 31 min 538 abituriyent qeydiyyatdan keçib. İmtahanlarda istifadə olunan sual kitabçaları TQDK-nın aparıcı mütəxəssisləri və ekspertləri tərəfindən hazırlanıb və orta məktəb dərsliklərinə, qəbul imtahanları proqramlarına tamamilə uyğundur. Bu imtahanlar abituriyentlərə biliklərini yoxlamağa, ümumi hazırlıq səviyyələrini müəyyən etməyə, tədris materiallarının qavranılmasında güclü və zəif tərəflərini üzə çıxarmağa kömək edəcək. Sınaq imtahanlarının başlıca cəhətlərindən biri də onun ali məktəblərə qəbul imtahanlarının metod və texnologiyalarına tamamilə uyğun keçirilməsidir. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşmaq, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirə bilərlər. Xatırladaq ki, növbəti sınaq imtahanı aprelin 11-də keçiriləcək. Hazırda həmin imtahanlarda iştirak üçün qeydiyyat davam edir. Sınaq imtahanlarının növbəti həftələrdə də keçirilməsi nəzərdə tutulur. Bu imtahanların tarixi, keçiriləcəyi bölgələrin siyahısı müntəzəm olaraq TQDK-nın internet səhifəsində yerləşdiriləcək.