Mətbuat yazır ki, "Bakı Metropoliteni"nin sabiq rəisi Tağı Əhmədov keçmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş generalı Akif Çovdarovdan baş Prokurorluğa şikayət edib, Çovdarovun təhdid və təzyiq yoluyla ondan 3 milyon manatı zorla aldığını bildirib.
Məlumatın hüquq-mühafizə orqanlarından daxil olduğu deyilir və hələ də təkzib olunmayıb. Deməli, yalan deyil. Bəlli ki, Metropoliten rəisini qorxutmaq üçün Çovdarovun əlində əsası olub.
Maraqlıdır, Tağı müəllimin MTN generalının yanında nə gözükölgəli işi varmış, ya da Çovdarova Metropoliten rəisi haqqında nə bəlli imiş?
Tağı müəllimin quru məmur maaşı ilə o boyda pulu cibindən vermədiyi aydındır. O da aydındır ki, rüşvət dövlətin Metropolitenə ayırdığı vəsaitdən, həmçinin QSC-nin büdcəyə daxil olmalı qazancından oğurlanaraq şantajçıya verilib.
Xatırladaq ki, T.Əhmədov 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifəsində çalışıb.
Bu ilin birinci rübünə olan məlumata görə, "Bakı Metropoliteni" QSC-nin nizamnamə kapitalı 2 373 140 514 manat təşkil edib. Cəmiyyətin web-saytında yerləşdirilən üç illik maliyyə hesabatına əsasən 2013-cü ili 31 277 559, 2014-cü ili 27 554 813, 2015-ci ili 28 305 022 manat zərərlə başa vurub. Ümumilikdə QSC-nin zərəri 2013-cü ilə qədər 255 983 509, 2014-cü ildə 283 538 322, 2015-ci ildə artıq 311 843 344 manat təşkil edib. Maliyyə Nazirliyinin arxivində olan məlumatlara əsasən 2006-2014-cü illərdə büdcədən Metropolitenə ayrılan subsidiyanın həcmi ümumilikdə 188 389 948 manat olub. 2015-2016-cı illərin hər birində də 37 998 199 manat olmaqla 75 996 398 manat ayrılıb. Yəni son 10 ildə dövlət büdcəsindən "Bakı Metropoliteni" QSC-yə 265 milyon manat civarında subsidiya verilib.
Kim nə deyir-desin, Metropoliten rentabelli müəssisədir.
Statistika Komitəsinin verdiyi məlumata görə, 2014-cü ilin yanvar-iyun ayları üzrə metrodan istifadə edən sərnişin sayı 108,3 milyon olub.
Metrodan pulsuz istifadə edən kateqoriyanı çıxsaq, bu, bir ildə təxminən 30-35 milyon manat daxilolma deməkdir. Metropolitenin özündən isə iki il bundan əvvəl gündəlik istifadəçilərin sayının 400-450 min olduğu bildirilib ki, bunu da 365 günə vuranda 150 milyon sərnişin deməkdir. Bu rəqəmlərdən çıxış edərək ümumi daxilolmanı 300 milyon civarında təxmin etmək olar. Üstəqəl reklamlar və metro ticarətindən qeyri-leqal gəlirlər. Onlar da təqribən bu qədər hesablanır.
Tağı Əhmədovun dövründə metro tikintisinə də büdcədən 1 mlrd. 250 milyon manat ayrılıb.
Bu isə o demekdir ki, metro tikintisini nəzərə almasaq, o hesabla keçmiş Metropoliten rəhbərinin sərəncamında illik 100 milyon dollar civarında vəsait olub.
Ümumiyyətlə, bizim hesablamalarımızla Metropolitenin rəqəmləri üst-üstə düşmür.
Misal üçün, verilən məlumata görə 2015-ci ildə sərnişindaşıma sahəsində satışlardan 43,005 mln., sair əməliyyatlardan 9,563 mln. manat gəlir əldə edilib. Hesabat dövründə Bakı metrosu 7,661 mln. manatlıq elektrik enerjisi, 130,157 min manatlıq qaz istifadə edib. Ötən il QSC-nin işçi heyətinə 42,779 mln. manatlıq xərc çəkilib. Yəni səhmləri 100 faiz dövlətdə olan rentabelli müəssisənin qazancı elə 100 faiz də maaşa, enerji xərclərinə gedib. Buradan belə nəticəyə gəlmək olur ki, ən azından xərci borcunu ödəyib. Lakin hesabatda hər ili zərərlə başa vururlar.
Apardığımız araşdırmalarda büdcə vəsaitlərinə necə divan tutulduğu təşkilatların xərclər strukturunda aydın görünür. Necə deyərlər, oğrudan oğruya halaldır. Metropoliten ən çox alış-veriş edən bir qurumdur.
Satınalmalar üzrə müsabiqə reyestrlərinə əsasən qurumun hər il keçirdiyi tender sayı 300 civarındadır. Bir çox təşkilatlar nə mətbuatı, nə də dövlət qurumlarını eyinlərinə alırlar, ucdantutma iri məbləğləri hər il eyni işlərə təkrar-təkrar sərf edirlər.
Bəziləri 1 milyonun altında pul xərcləməyi özünə sığışdırmır, başqaları standart olaraq konkret rəqəmlərdən kənara çıxmır, digərləri daha çox xaricdə yaradılan offşor şirkətlərə pul axıdırlar. Bəlli ki, Tağı müəllimin öz taktikası olub: ucdantutma hamısını bütöv halda podratçıya verməyib, xırda-xırda məbləğlərlə diqqəti çəkməmək, çeşidli podratçılar və çoxlu sayda tenderlər keçirməklə guya şəffaflığı təmin edib.
Satınalmaların dəyəri əsasən 30-40 min manat civarındadır, iri məbləğlər nadir hallarda belə tenderlərdə xərclənib. Amma xırda tenderləri toplayanda hər podratçıya bir ildə verilən pulun kifayət qədər böyük olduğu görünür. Maraqlıdır ki, vaqon parkının yenilənməsi bu tenderlərdə əksini tapmır, yəni görünən odur ki, alınan vaqonlar Satınalmalar Agentliyinin xəttilə əldə edilmir. 300 tender sadəcə cari xarakterlidir, əsasən materiallar, ehtiyat hissələri, təmir və s. xərcləmələri əhatə edir.
Məsələn, 2011-ci ildə 330-a yaxın tender haqqında məlumat var. Podratçı tərkibi əsasən belədir: "Legenda-Co" MMC, "Forvard-Co" MMC, "Xrizolit" firması, "Selva" MMC, "Atribut-Co" MMC, "Duet" firması, "İstanbul Bakı inşaat" MMC, "TTŞ LTD" şirkəti, "Exiles-STS" MMC, "Okean Servis" MMC, "Fales Servis" MMC, "Aysberq 2011" MMC (adından da göründüyü kimi yeni yaradılıb-red), "Uhud" MMC, "Avuar-Co" MMC. Əvvəlcə iri məbləğlərdən yazacağıq.
Vaqonlarda hidravlik rəqs söndürücülərinin yoxlanılması və tənzimlənməsi üçün stend 123 900 manat, vintaçan və frezer dəzgahları 224 418 manat, 2 ədəd rels kəsən və 2 ədəd şrup, qayka buran dəzgahın ehtiyat hissələri 147 264, avtoqaldırıcı 177 000 manat, "Hyundai Country" markalı avtobus 90 860 manata "Duet" firmasından satın alınıb və podratçıya 1 031 732 manat dəyərində 12 tenderin icrası həvalə edilib.
"Əsnaf" firmasından 400 min manat dəyərində ventilyatorun universal avtomatik idarəedici sisteminin şkafları alınıb. Elektrik mühərrikinin, yastıqlara, sarğılara nəzarət vericiləri və titrəyişə nəzarət cihazı ilə komplektləşdirilmiş rotor qrupu, ventilyator aqreqatı "ASC AMZ Ventprom"dan 643 363 manata alınıb.
Metropolitenin kontrollerlərdən istifadə etməklə yerli idarəetmə və nəzarət sistemi, qatarların hərəkətinə nəzarətin mərkəzi despetçer məntəqəsi sistemi, sərnişin avtomatikası sisteminin hissəsinin avadanlıqlar dəstləri və vahid dəqiq vaxt sisteminin hissələrinin quraşdırılması, pos-terminal, sərnişin avtomatikası sisteminin vestibül və pos-terminalların proqram təminatı 839 665 manata podratçı "Real Time Systems LLP"dən əldə edilib.
Metropolitenin Şimal sahəsinin 4-cü və 6-cı stansiyası üçün avadanlıqlar, mallar, təmir işlərini "Avuar-Co" MMC 410 063 manata həll edib. Bu podratçıya həvalə edilən tender sayı 8-dir. "Niiefa-Enerqo" MMC-dən hər birində 294 100 manat olmaqla iki dəfəyə 588 200 manat müqabilində avtomatik açarlar və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə mal-materiallar satın alınıb.
Qatarların hərəkət qrafikinin avtomatlaşdırılması sisteminin yaradılması 702 100 manat ("İT-Solutions" MMC), 10 dəst vakuum açarı və 10 ədəd düzləndirici qurğu 400 138 manat ("Vakuum" MMC), metro vaqonlarının şpintonlu arabacıqları 332 430 manat (OAO "Metrovaqonmaş"), 1 ədəd torna karusel dəzgahı 291 500 manat ("Xan Qroup" MMC), metro vaqonlarının müasir avtomatik tənzimləmə avtomat lokomotiv işarəvermə sistemi 236 705 manat ("Flars" MMC), armirləşdirilmiş sürahi 193 453 manat (OOO DİNA), 1 ədəd dartı mühərriki 157 361 manata ("Sənaye-eksport" firması, "Sudotexnologiya") başa gəlib.
İndi də keçmiş rəisin xırda tenderlər siyasətinə baxaq. "Forvard-Co" MMC Metropolitendən 20 tenderdə dəyəri 623 898 manat olan sifariş alıb.
Həmin il bu MMC müxtəlif təşkilatlardan da 48 bahalı tender qazanıb. Xətai İcra Hakimiyyəti (İH) 500 650, Yasamal Rayon İH 501 500, Suraxanı İH 500 650, Nərimanov İH 350 000, Xəzər rayon İH 470 080, Nəsimi İH 350 000, Lerik rayon İH 471 938, Quba rayon İH 1 409 860 manatlıq abadlıq-bərpa işlərini adıçəkilən şirkətə gördürüb. Yəni bir ildə təkcə 8 rayonun icra hakimiyyətlərindən 4 554 678 manatlıq sifariş alıb.
Araşdırmalarımızın birində də bu şirkət qarşımıza çıxanda, dövlət qurumlarının belə şirkətlərə sanki hər il yarım milyon manat civarında pul xərcləmək öhdəliyinin olduğunu vurğulamışdıq.
Bundan başqa, Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 407 273 manatlıq bərpa və abadlaşdırma işini bu MMC-yə gördürüb. Daxili İşlər Nazirliyi ondan 535 631 manatlıq işlər və materiallar satın alıb və s.
Şirkətin kadr potensialı və maşın-mexanizmləri nə qədər olmalıdır ki, Azərbaycanın dörd bir yanında bir il ərzində həcmli işləri görə bilsin? Məsələ burasındadır ki, bir ildə 7-8 milyon manat civarında sifariş alan şirkətin haqqında internet resurslarında məlumat da yoxdur.
"Selva" MMC Metropolitenə 539 069 manat dəyərində 19 iş görüb. Bu şirkətin də adı şübhəli tenderlərdə hallanır. MMC-nin qazandığı tenderlər həm sayca çoxdur, həm də bahalıdır. Şirkətə sifarişləri əsasən Təhsil, Səhiyyə, Daxili İşlər nazirlikləri, "Azərbaycan Dəmir Yolları" QSC verib. İşlər 200-500 min manat civarındadır.
Misal üçün, Təhsil Nazirliyi 2011-ci ildə 1 089 963 manata bərk, 450 427 manata yumşaq inventar, 791 999 manata təsərrüfat malları, 1 295 894 manata avadanlıq, 747 431 manata sair xərclər üzrə sifariş verib. "Azərbaycan Dəmir Yolları" QSC 349 999 manata bərk, 299 998 manata yumşaq inventar, digər xərc maddələri üzrə 299 990 manatı bu şirkətə həvalə edib. DİN də 280 696 manatlıq mebel alıb. 2012-ci ildə təkcə Səhiyyə Nazirliyi şirkətdən 964 685 manatlıq alış edib. 2013-cü ildə DİN 1 431 029 manatlıq sifariş verib. Sürtkü materiallarının satın alınmasının qiyməti 399 999,9 manatdır.
Korrupsiya assosiasiyalı "9"lar da hətta dörd deyil, beş deyil, altıdır. 2014-cü ildə də nazirlik MMC-dən birdəfəyə 592 129 manatlıq sürtkü yağı alıb. Web-saytı olmayan bir hüquqi şəxs hər il müxtəlif nazirlik və dövlət qurumlarından iri məbləğdə şübhəli sifarişlər alır. Etiraf edin ki, bizdə sıradan bir hüquqi şəxsə "tapşirovkasız" bu qədər iş verməzlər.
Metropolitenin etibarını qazanan "Legenda-Co" MMC 18 tenderdə 334 552 manatlıq sifariş alıb. Bu şirkət də digərləri kimi bir çox hökumət qurumlarından iri məbləğdə tenderlərin qalibi olub. QSC-dən 1 milyon manatdan yuxarı sifariş alan "Əsnaf" firması da qiymətli tenderlərin şanslı sahibidir.
Məsələn, həmin il "Təmiz Şəhər" ASC bu firmadan 15 900 000 manat dəyərində bərk məişət tullantısını çeşidləmə avadanlığı alıb.
"Exiles-STS" MMC cəmiyyətdən 8 tenderdə 329 310 manatlıq sifariş götürüb. Həmin il müəssisə müxtəlif dövlət qurumlarından 30 bahalı tender qazanıb. "Xrizolit" firması 23 tenderdə 336 492, "Atribut-Co" MMC də 8 tenderdə 310 396 manatlıq iş udub. Bu, hələ bir ilin təhlilidir. Metropolitenin növbəti illərdə də tender sayı 300-400 arasında olub və eyni taktika ilə davam ediblər. Doğrudur, onlarda da iri məbləğlər var, amma əksər hallarda bölünüb, yəni eyni şirkətlərə işlər 15-20 müsabiqədə verilib.
Bizimyol.info