Beyləqan Rayon İcra Hakimiyyəti ilə Müdafiə Nazirliyi və tərəfindən təşkil olunan "Sən Vətənin sipəri, xalqımın qürurusan” adlı kütləvi hərbi şöhrət bayramı ordu ilə xalqın monolit birliyinin nümayişinə çevrilib.
Mia.az xəbər verir ki, tədbirdə aprel ayının əvvəllərində qoşunların təmas xəttində şücaət göstərmiş hərbi hissələrin nümayəndələri, eləcə də Beyləqan rayonundan olan hərbi qulluqçular, döyüşlərdə göstərdikləri qəhrəmanlıq və igidliyə görə yüksək fəxri ada layiq görülən hərbçilər, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, gənclər iştirak ediblər.
Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani çıxış edərək, xalqla ordunun monolit birliyindən, aprelin əvvəllərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan ordusunun verdiyi layiqli cavabdan danışıb, Silahlı Qüvvələrimizin işğal altındakı torpaqlarımızı Ali Baş Komandanın əmri ilə azad etməyə hazır olduğunu bildirib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev tədbirdə çıxış edərək vurğulayıb ki, beyləqanlılar həmişə Azərbaycan ordusuna dayaq olublar, Heydər Əliyev ideyalarına sadiqdirlər, Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə hər an respublikamızın ərazi bütövlüyü uğrunda savaşa atılmağa hazırdırlar.
Tədbirdə Silahlı Qüvvələrin mahnı və rəqs ansamblı, Beyləqan rayonunun incəsənət ustaları hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər təqdim ediblər.
Xalq artisti Samir Cəfərovun ifasında Abdulla Qurbaninin sözlərinə bəstəkar Azad Zahidin yenicə yazdığı "Lələtəpə fatehləri” mahnısı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Beyləqanlılar tədbirə birbaşa ön cəbhədən, təmas xəttindən gələn zabit və əsgərləri hərarətlə qarşılayıblar. Vətən torpaqlarının müdafiəsində fərqlənən bir qrup hərbi qulluqçuya hədiyyələr verilib.