Dövlət Statistika Komitəsində (DSK) Avropa İttifaqının (Aİ) dəstəyi ilə reallaşan "Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə dəstək" Tvinninq layihəsi çərçivəsində Coğrafi İnformasiya Sisteminin (CİS) yaradılmasına başlanılıb.
Komitədən bildirilib ki, bu sistem Tvinninq layihəsini əhatə edən 4 komponentdən biridir.
Bolqarıstan, Almaniya, Niderland və Sloveniyadan olan mütəxəssislərin və DSK nümayəndələrinin iştirakı ilə aprelin 18-22-də sistemin yaradılması ilə bağlı təşkil edilən seminarda müxtəlif təqdimatlar olub.
Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın statistika sisteminin daha da təkmilləşdirilməsini qarşıya məqsəd kimi qoyub. Statistika Komitəsi gündəlik işini bu istiqamətdə qurur. Coğrafi İnformasiya Sistemi vasitəsilə istənilən internet istifadəçisi və ya şəxs coğrafi-statistik məlumatlarla tanış olmaq imkanı əldə edəcək.
Bolqarıstan Milli Statistika İnstitutunun Çoxsahəli və geostatistika departamentinin baş mütəxəssisi İrena Dudova, Almaniya Federal Statistika İdarəsi, Hamburq və Şlezviq-Holşteyn Statistika idarəsinin CİS koordinatoru Korina Mundzeck, Sloveniya Respublikasının Statistika İdarəsinin statistiki İgor Kuzma və Niderland Mərkəzi Statistika Bürosu, Regional və məkan statistikası departamentinin CİS üzrə baş mütəxəssisi Pieter Bresters coğrafi-statistik məlumatların yayılması və istifadəçi ehtiyaclarının təhlili ilə bağlı Aİ-nin təcrübəsindən danışıb, layihənin üstünlüklərini diqqətə çatdıraraq müxtəlif təqdimatlarla çıxış ediblər.
Tədbirdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.