Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Qusar şəhərində şimal bölgəsindən olan vətəndaşları qəbul edib.
Mia.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərinin müraciətləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar yaşadıqları əraziyə yaxın hərbi hissələrdə xidmət keçmələri, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbulda kömək göstərilməsi və digər məsələlərlə bağlı olub.
Vətəndaşların qaldırılan bəzi məsələlər yerində həllini tapıb, eyni zamanda, qanunvericiliyin müvafiq tələbləri izah edilib. Araşdırılması tələb olunan müraciətlər isə nəzarətə götürülüb və onların müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə baxılması məqsədilə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.