Bu gün Belarusun paytaxtı Minskdə telekommunikasiya, informasiya və bank texnologiyaları üzrə ixtisaslaşmış 23-cü beynəlxalq TIBO-2016 forumu işə başlayıb.
Nar” mobil operatorundan Mia.az-a verilən məlumata görə, Azərbaycan pavilyonunda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə ölkənin aparıcı telekommunikasiya şirkətləri iştirak edirlər.
"Nar” nümayəndələri iştirakçıları mobil operatorun ən son nailiyyətləri ilə tanış edirlər. Şirkətdən bildiriblər ki, operatorun sosial şəbəkələr üzərindən tam müştəri xidmətlərini təqdim edən platforması tədbirdə böyük marağa səbəb olub. Platformanın köməyi ilə müştərilər sosial şəbəkə vasitəsilə operativ xidmətlə təmin edilirlər. "Nar” tərəfindən təqdim edilən daha bir innovativ məhsul "eNəzarət” xidməti olub. Bu xidmət sayəsində "Nar” öz abunəçilərinə balanslarını asanlıqla yoxlamaq və idarə etmək imkanı verir.
Sərgidə "Nar” tərəfindən təqdim edilən digər yenilik isə "Nar Walk” tətbiqidir. Azərbaycanda ilk olan bu layihənin əsas məqsədi əyləncəli üsulla insanları sağlam həyata səsləməkdir.
1994-cü ildən keçirilən TIBO forumu telekommunikasiya, informasiya texnologiyaları sahəsi üzrə təşkil edilən ən böyük beynəlxalq sərgilərdən biridir. TIBO sərgisində dünyanın müxtəlif ölkələrini təmsil edən çoxsaylı şirkətlər iştirak edirlər.
Forum işini aprelin 22-də başa çatdıracaq.