Bu gün Bakının Binəqədi rayonunda ev söküntüsü zamanı qarşıdurma yaranıb.

Mia.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Xocasən qəsəbəsində qeydə alınıb. 

Belə ki, Ruslan Allah Verdiyev küçəsindəki 18-ci döngədə Mehdi Paşa oğlu Fərzəliyevə məxsus fərdi ev sökülüb. Söküntü zamanı İcra Hakimiyyəti nümayəndələri ilə ailə üzvləri arasında qarşıdurma yaranıb. Qarşıdurma zamanı Mehdi Fərzəliyev, bacısı və anası xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb, xəsarət alan ev sahiblərinə ilkin tibbi yardım göstərilib. 

İcra Hakimiyyətinin işçiləri əraziyə gətirdikləri texnika vasitəsilə ev sökülüb. Söküntü zamanı ev sahibinin bacısı ikimərtəbəli evin damına çıxaraq, intihara cəhd edib. Lakin onun özünü atmasına imkan verilməyib. 

Ev sahibi Mehdi Fərzəliyevin sözlərinə görə, Binəqədi Rayon İcra Hakimiyyətinin Xocasən qəsəbəsi üzrə nümayəndəliyi fərdi ev tikintisi üçün ondan 5000 manat rüşvət tələb edib. O, evinin sökülməsini rüşvət verməkdən imtina etməsi ilə əsaslandırır. 

Binəqədi RİH-in Xosasən qəsəbəsi üzrə nümayəndəliyindən isə bildiriblər ki, Mehdi Fərzəliyevin iddialarının heç bir əsası yoxdur. İcra nümayəndəliyi evin sökülməsinin tikintinin qanunsuz aparılması ilə əsaslandırıb.