"Azərsu” ASC tərəfindən cari ilin fevral ayından başlayaraq Cəmiyyətin bütün idarə və müəssisələrində, hidrotexniki qurğuların yerləşdiyi ərazilərdə növbəti ağacəkmə tədbirlərinə start verilib.
Mia.az xəbər verir ki, yeni istifadəyə verilmiş obyektlərin yerləşdiyi ərazilərdə yaşılllaşdırma və abadlıq işlərinə xüsusi diqqət yetirilir. Belə tədbirlərin keçirilməsində məqsəd ekoloji sabitliyin qorunması, insanların diqqətini yaşıllıqların genişləndirilməsinə və mühafizəsinə yönəlməkdir.
Yaşıllaşdırma tədbirlərində "Azərsu” ASC Aparatının, idarə və müəssisələrin, yerli sukanal idarələrinin əməkdaşları iştirak edir.
2016-cı ilin ötən dövrü ərzində ağacəkmə tədbirləri çərçivəsində 10 minədək şam, zeytun, sərv və meyvə ağacları, həmçinin 20 minədək müxtəlif dekorativ bitki əkilib.
Yeni istismara verilmiş "Dədə Qorqud” su anbarının ərazisində 3350 ədəd, "Zirə” anbarının ərazisində 2254 ədəd meyvə və həmişəyaşıl ağac əkilib. Eyni zamanda "Balaxanı” anbar kompleksində 2850, "Saray” anbarının yerləşdiyi ərazidə 330, "Ramana” anbarının ərazisində isə 840 ədəd müxtəlif növ ağac əkilərək geniş yaşıllıq zolaqları salınıb.
Qeyd edək ki, 2011-ci ildən "Azərsu” ASC-də yaşıllaşdırma tədbirləri mütəşəkkil qaydada həyata keçirilir. 2011-2016-cı illərdə Səhmdar Cəmiyyətin idarə və müəssisələrinin, hidrotexniki qurğularının yerləşdiyi ərazilərdə 441 hektar yaşıllıq sahəsi yradılıb. Yaşıllaşdırma tədbirləri çərçivəsində 150 minə qədər müxtəlif növdə ağac və kol bitkiləri, 450 minədək mövsümi gül əkilib. Ötən müddətdə 74 min kvadratmetr ərazidə qazon sahəsi salınıb, yeni suvarma sistemləri yaradılıb. Həmçinin əvvəlki illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmiş və abadlıq işləri aparılıb.