Milli Parkın direktoru Füzuli Məmmədovun «sağ əli» kimi tanınan «Ovçu Əlvan»nın ovladığı dağ keçisindən yəqinki ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun xəbəri yoxdur…

…Təbiəti qorumaq hər birimizin vətəndaşlıq borcudur. Çünki təbiətin adicə bir elementi məhv edilirsə, onun fəsadlarını bəşəriyyət öz üzərinə götürməli olur.

Sözümüzün canı var: aşağıdakı şəkildə gördüyünüz dağ keçisini ovlayan şəxsin adı Əlvandır, Şamaxının Zarat-Xeybəri kəndinin sakinidir…

Ən vacibi, Şahdağ Milli Parkının direktoru Füzuli Məmmədovun yaxın dostudur… Amma çox təəssüflər olsun ki, o, direktor Füzuli Məmmədovun yaxın dostu olsa da, təbiətin qatı və amansız düşmənidir!

Yəqin ki şəkildəki təsvirə əlavə şərh verməyə də lüzum yoxdur. Çünki ovçu Əlvan ovladığı dağ keçisini nəinki ovçu insafsızlığının güdazına verib, hətta o, bu təbiət incisini qanına qəltan edəndən sonra onun cansız bədəni üstündə oturub qürurlanıb şəkil də çəkdirib. Kimə görk verir? Nazir cənab Hüseyn Bağırova? Bəlkə anasını, daha doğrusu, təbiətin sevimli balasını qanına qəltan etdiyi təbiətə??? Bəlkə güvəndiyi Şahdağ Milli Parkının direktoru Füzuli Məmmədova kim olduğunu, necə ovçuluq etdiyini sübut etmək istəyir???

Bunları bilmirik. Amma onu dəqiq bilirik ki, nazir Hüseyn Bağırov «Təzadlar»a təqdim edilmiş və saytımızda təqdim edilən bu şəkildəki acı mənzərənin baiskarlarını mütləq cəzalandıracaq. Özü də «Təzadlar»a görülmüş tədbirin nəticəsi barədə cavab verilməsi şərti ilə…

***
Onu da deyək ki, ovçu Əlvan Şamaxı-Dəvəçi bölgəsində dağ keçisi ovu üzrə tanınmış ovçulardan sayılır. Mənbə yazır ki, ovçu Əlvanı Bakıdakı bərkgedən restoran sahibləri qaban, cüyür, ayı, dağ keçisi… ovu ilə məşğul olan şəxs kimi tanıyır. Amma nə əcəb onun əməllərini hüquq mühafizə orqanları hələ də tanıyıb-bilməyiblər…

Qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq.

Azinforum.az