Bu gün Biləsuvar rayonunda xalqımızın müqəddəs bayramı olan, özündə mədəni dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruz bayramı münasibətilə ümumrayon tədbir keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin, təşkilatların, icra nümayəndəliklərinin, bələdiyyələrin rəhbərləri və kollektivləri, KİV nümayəndələri, rayon ictimaiyyəti iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Novruz bayramına həsr olunmuş sərgiylə tanış olublar.
Sərgidə çoxəsrlik maddi-mədəni irsimizi, qədim adət-ənənələrimizi özündə əks etdirən eksponatlara tamaşa edilib. Sonra rayon sakinləri üçün təşkil edilmiş ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkasına baxış keçirilib.
Yarmarkada əhali üçün nəzərdə tutulmuş müxtəlif növ ərzaq məhsulları satışa çıxarılıb.
Tədbirdə İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik edib və hər bir ailəyə bol-bol ruzi-bərəkət, sevincli günlər arzulayıb.
Mahir Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və birbaşa köməkliyi sayəsində rayonunun sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi uğurların qazanıldığını qeyd edərək, bildirib ki, bundan sonra da digər bölgələrimiz kimi, Biləsuvarın da sosial iqtisadi həyatında daha çox nailiyyətlər əldə olunacaqdır: "Hazırda rayonda bir çox sahələrdə tikinti, abadlıq və quruculuq işləri aparılır, yeni infrastruktur layihələr icra olunur. 2016-cı il də xalqımız üçün nailiyyətlərlə zəngin bir il olaraq yadda qalacaqdır".
Novruz bayramının bütün ailələrə xoşbəxtlik və səadət gətirməsini arzulayan Mahir müəllim bildirib ki, qoy baharın xoş qədəmləri xalqımıza düşərli olsun, hər bir evə, hər bir ailəyə xeyir-bərəkət, əmin-amanlıq gətirsin.
Sonra bayram tonqalı alovlandırılıbb.Əllərində baharın simvolu olan yaşıl səmənilər, şamlar, xonçalar tutmuş milli geyimli oğlan və qızlar rəngarəng rəqsləri ilə hamının alqışını qazanıblar.
Bayram şənliyi Dədə Qorqudun və Bahar qızının meydana daxil olması ilə daha da canlanıb.
Novruz bayramının simvolu sayılan kosa və keçəl kimi personajlar öz oyunlarını nümayiş etdiriblər, milli adət-ənənələrimizi əks etdirən mərasimlər canlandırılıb, pəhlivanlarımız öz güclərini sınayıblar.
Daha sonra bahar bayramı rayon mədəniyyət və incəsənət ustalarının maraqlı konsert proqramı və rəqs nümunələri ilə davam etdirilib.