Bu gün Milli qəhrəman Əsgər Əliyevin adını daşıyan "Dostluq” mədəniyyət və istirahət parkında Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidin anım tədbiri keçirilib.

Mia.az xəbər verir ki, tədbirdə qəhrəmanın ailə üzvləri, rayon ictimaiyyəti, müharibə veteranları və oxuduğu Ləj kənd tam orta məktəbinin pedaqoji və şagird kollektivi iştirak ediblər.

Mərasimdə Milli Qəhrəmanın şərəfli ömür yolu bir daha xatırlanıb, onun xatirəsinə bəslənilən hörmət, diqqət və qayğıdan söhbət açılıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Əsgər Əliyevin büstü önünə təzə-tər qərənfil dəstələri düzüb, atası Hacı Ələkbər Əliyevə dərin hüznlə başsağlığı verib.

İcra başçısı bildirib ki, igid həmyerlimizin xatirəsi həmişə xalqımız tərəfindən hörmətlə anılıb, anılacaq, onun şərəfli ömür yolu məktəblilərə, gənclərə örnək olacaq.

Mərasimdə iştirak edən İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri və məktəblilər Milli Qəhrəmanın büstü önünə bahar çiçəkləri qoyublar, xatirəsini ehtiramla yad ediblər.

Xatırladaq ki, Əsgər Ələkbər oğlu Əliyev 1974-cü ildə Lənkəran rayonunun Ləj kəndində anadan olub.

1982-1990-cı illərdə Ləj kənd orta məktəbində təhsil alıb. Sonra təhsilini Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank artilleriya fakültəsində davam etdirib. O, 17 mart 1995-ci il tarixdə Bakıda dövlət çevirilişinə cəhd edənlərə qarşı Milli Ordunun sıralarında hərbi əməliyyatlarda iştirak edib və qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli Fərmanı ilə Əsgər Əliyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı " adı verilib.