Bakıdakı son aylarda sürətlə açılan loto-qumarxanaların hamısı bir gündə bağlanıb.

Mia.az-ın musavat.com-a istinadən məlumatına görə, Bakının Xətai, Nəsimi, Nizami, Yasamal, Sabunçu və bir çox rayonlarında qısa müddətdə sürətlə şaxələnən loto-qumarxanalar artıq bağlanıb.

Xətai rayonunda, "Həzi Aslanov” metrostansiyasının çıxışındakı "Samovar” çay evinin qapıları bağlanıb. Çay evi adı ilə açılan bu məkan loto-qumarxana kimi fəaliyyət göstərirmiş. Yaxınlıqdakı taksi sürücüləri bildiriblər ki, məkan təxminən 3 gün əvvəl bağlanıb.

4 ildir ki, bu ünvanda taksi sürücüsü kimi fəaliyyət göstərən 64 yaşlı Nazim Qasımov deyir ki, bu obyektin bağlanması bütün sakinləri sevindirib: "Bağlanması lap əla oldu. Qadın, uşaq burdan keçə bilmirdi. Səhər saatlarına qədər oynayırdılar. Təşkil edənlər qazanırdı, oynayanlar bədbəxt olurdu. Çox gec bağladılar”.

"Neftçilər” metrostansiyasının çıxşındakı loto-qumarxana da bağlanıb və artıq obyekt icarəyə verilir.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki qumarxananın da qapılarına qıfıl vurulub. Həmçinin Yasamal və Binəqədi rayonlarındakı qumarxanalar da bağlanıb.

Sayt yazır ki, qumarxanalara nəzarətini eyni şəxslər həyata keçirirmişlər, işçilər belə, bir neçə gündən bir fərqli məkanlarda gözə dəyiriblər.

Hər ay on minlərlə manat qazancı olan bu məkanların fəaliyyəti təbii ki, bir çoxlarının maraq dairəsində idi. Buna görə də uzun müddət bu məkanlar haqda yazılar dərc edilsə də, qanunsuz olaraq qumarxanaların fəaliyyətini himayə edənlərin olduğu bildirilsə də, heç bir tədbir görülmürdü. Nəhayət ki, asan pul qazanmaq istəyənlərin "işi” bağlandı.

Bakıda bir neçə qumarxana eyni gündə bağlandı  -  Fotolar
Bakıda bir neçə qumarxana eyni gündə bağlandı  -  Fotolar
Bakıda bir neçə qumarxana eyni gündə bağlandı  -  Fotolar