Azərbaycanın xalq artisti İlhamə Quliyeva bu saatlarda vəfat edib.
Bu barədə məlumatı Sputnik-in hadisə yerində olan müxbiri də təsdiqləyib.
Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasından bildiriblər ki, onlara bu barədə çağırış 2 saat əvvəl daxil olub və onun vəfatı təsdiqlənib. Yaxın dəqiqələrdə xalq artistinin ölümünün səbəbləri açıqlanacaq.
Sputnik- əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, xalq artistinin yaxınları onun İ.Qutqaşınlı küçəsindəki evinə axışmağa başlayıb.
****
Xalq artistinin ölümünü onun qohumu, müğənni Əli Mirəliyev də təsdiq edib. Xalq artistinin telefon nömrəsinə zəng edən Lent.az-ın əməkdaşına Əli Mirəliyev cavab verib. O belə deyib: "İlhamə xanım artıq yoxdur".
Xatırladaq ki, İlhamı Quliyeva 17 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub.
1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solistidir.
Qeyd edək ki, İ.Quliyeva son vaxtlar müxtəlif xəstəliklərdən əziyyət çəkirdi. Ən son olaraq adı köməkçisinə qarşı qeyri-qanuni hərəkətlərə yol verməkdə və məhkəmə qalmaqallarında hallanırdı. O, özü isə səhhətində yaranmış problemlərə görə keçmiş köməkçisi Mehriban Hüseynovanı günahlandırırdı.