"Bir qrup vəzifəli şəxslər rüşvət alıb, mənim  sahibkarlıq fəaliyyəti məqsədi ilə aldığım torpaq sahəmi əlimdən almaq istəyirlər".

Bu sözləri Mia.az-a Ucar rayonu, Qarabörk kənd sakini Əliyeva Kütah Məhəmmədəli qızı yazıb.

O bildirib ki, başına gələn bəlaların kökündə Qubanın hazırkı İcra başçısı Yaşar Məmmədov dayınıb:

"2014-cü il tarixdə Yaşar Məmmədov Ucar rayon İcra başçısı vəzifəsində olan zaman öz maddi marağına görə 60 mənzilli, 4 mərtəbəli 3 böyük binanın saxtakarlıqla Etibar Qasımov adlı imkanlı şəxsə satdı.Həmin şəxs isə yeni inşa edilən 3 möhtəşəm binanı yerlə-yeksan etdirib, üzərində tikinti işləri aparan zaman müəyən edildi ki, ona verilmiş reyestr çıxarışı bizim yerin üzərinə düşmüşdür. 2014-cü il tarixdən məhkəmələrdə çəkişirik. Bütün sənədlər, ekspert rəyləri bizim xeyrimizə olmasına baxmayaraq, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin hakimi  İxtiyar Abışov açıq deyir ki, yuxarıdan bizim məhkəmənin sədri Mehman Nuriyevə  tapşırıq var. Ki, qərar Etibar Qasımovun xeyrinə çıxarılmalıdır".

Şikayətçi yazır ki, 1997-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı əsasında  sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün oan 64 kv.metr torpaq sahəsi ayrılıb: "Həmin torpaq sahəsinə dair 2005-ci il tarixdə Ucar bələdiyyəsindən qərar verildi və 2010-cu il tarixdə reyestr çıxarışı aldım. Bundan 10 il sonra mənim qanuni torpağımın başqasına satılması cinayət əməli deyilsə, bəs nədir?".

Şikayətçi müraciətində bir sıra ittihamlar da səsləndirib. Lakin qarşı tərəfin mövqeyini öyrənə bilmədiyimizdən bunlara toxunmadıq.

Adıçəkilənləri də dinləməyə hazırıq.

Mia.az