Paytaxtın mərkəzi rayonu olan Nəsimi rayonunda 2015-ci ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vurulub və 2016-cı il üçün qarşıda duran vəzifələr müzakirə olunub.
Mia.az-a daxil olan məlumata görə, hesabat yığıncağında məruzə ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ötən il prezident İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş naliyyətlər barədə məlumat verib, 2015-ci il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışıb.
Qeyd olunub ki, 2015-ci ildə Nəsimi rayonunda nəzərə çarpacaq müsbət dəyişikliklər baş verib, ilin yekunlarına görə sənaye müəssisələri üzrə 427 milyon 500 min manatlıq və ya əvvəlki ilin müvafiq dövründə olduğundan 18 % çox məhsul istehsal edilib, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 370,9 milyon manatlıq nəqliyyat xidmətləri göstərilib.
Tədbirdə bu il yubileyləri keçiriləcək bir qrup ziyalıya və "İlin məktəbi”, "İlin müəlimi” müsabiqəsinin qaliblərinə rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub.