Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Respublika Ekoloji Tərbiyyə Mərkəzi, AMEA-nın Mərkəzi Elmi Kitabxanası və "Bakı Ağ Şəhər”in birgə təşkilatçılığı ilə "Ekosfera” Sosial-Ekoloji Mərkəzin Gənc Ekoloqlar Məktəbinin şagirdləri AMEA-ya ekskursiya edib.

AMEA-dan Mia.az-a daxil olan məlumata görə, "Yaşil idarəçilik, yaşil memarlıq, şəhərsalma, informasiya əlaqələri və texnologiya” adlı 3 günlük qış məktəbinin iştirakçıları 7-14 yaşlı məktəblilərdən ibarət olub. Əvvəlcə şagirdlər AMEA-nın fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar. Sərginin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva gənc ekoloqları AMEA-nın institut və təşkilatlarının apardığı elmi araşdırmaların nəticələrini özündə əks etdirən sərgi məhsulları ilə tanış edib. Həmçinin məktəblilər hər bir elmi müəssisənin fəlaiyyətinə dair hazırlanmış videoçarxları izləyiblər.

Şagirdlərdə elmə maraq, intellektual və innovativ potensialın inkişafı istiqamətində onlarda motivasiyasının artırılması məqsədilə sərgi təqdimatçıları yaşıl mühafizə, ekologiya, enerji, yeraltı təbii ehtiyatlar və bu istiqamətdə AMEA-nın elmi müəssisələrinin mühüm tədqiqatları, həyata keçirilən innovativ layihələri haqqında onlara məlumat veriblər.

AMEA-nın elmi müəssisələri, regional bölmə və elmi mərkəzlər, eləcə də Rəyasət Heyəti üçün ayrılmış guşələrdə təqdim edilən sərgi nümunələri məktəblilər tərəfindən maraqla qarşılanıb.

Daha sonra gənc ekoloqların Mərkəzi Elmi Kitabxanaya ekskursiyası təşkil edilib. Şagirdlər oxucuların qeydiyyatdan keçmə, kataloqlardan kitab seçərək sifariş vermə prosesi ilə tanış olublar. Sonra Sərgi zalı və elektron oxu zallarını ziyarət edən şagirdlər sorğuya görə informasiyanın axtarışı, elektron avadanlıqlardan istifadə qaydaları və onların iş prinsipi ilə bağlı məlumatlandırılıb.