"Gülüstan” sarayında Nəsimi rayon gənclərinin 2 Fevral – Gənclər gününə həsr olunmuş bayram tədbir keçirilib.
Mia.az-a daxil olan məlumata görə, tədbirdə 2500 nəfərdən çox qonaq iştirak edib. Çıxış edən Nəsimi rayon İcra Başçısı Asif Əsgərov dəvət olunanları salamlayaraq qeyd edib ki, Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Millətin yaşaması və inkişafı üçün təməl daşı olan gəncliyin möhkəm olması üçün yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və inadkarlıq lazımdır.
Tədbirdə bildirilib ki, Nəsimi rayon əhalisinin təqribən 30,8 faizini gənclər təşkil edir. Keçən müddət ərzində gənclərin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, təhsil, iqtisadiyyat və bir çox sahələrdə vacib işlər görülüb. Çıxış edənlər bayram münasibəti ilə gəncləri təbrik edib, onlara uğurlar arzulayıb.
Rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, ümumilikdə 20 nominasiya üzrə gəncə və gənc kollektivə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunub.
Mərasim incəsənət xadimlərinin iştirak etdiyi konsert proqramı və gənclər diskotekası ilə başa çatıb.