Bu günlərdə "Qoroskop" qəzeti ilk sayının çıxmasının 10 illiyini qeyd etdi. Çoxlu tanınmış insanın qatıldığı bu tədbir bəlkə də bütün iştirakçıların həyatında dərin bir iz buraxdı. Ən müxtəlif peşə sahiblərindən və fərqli təbəqələrdən olan qonaqlar qəzetin 10 yaşını sevinclə, qürur hissilə qeyd etdilər. İlk çıxışçı qəzetin yaradıcısı Səbuhi Rəhimli oldu. O, "Qoroskop"un ilk sayını əlində tutub "Bu qəzetə diqqətlə baxın" deməklə söhbətə başladı: "Düz 10 il bundan əvvəl - 1999-cu ilin dekabrında milli mətbuatımızın sıralarına daha bir qəzet qoşuldu. İlk sayı nisyə vurulan bu qəzet yıxıla-yıxıla, iməkləyə-iməkləyə, bəzən tapdana-tapdana bu gün gəlib 10 yaşına çatdı". S.Rəhimli qəzetin yaranma labüdlüyünü də dilə gətirdi: "1999-cu il elə bir dövr idi ki, ilin əvvəlində mərhum parapsixoloq, "Amin" qəzetinin baş redaktoru Etibar Elkin qətlə yetirilmişdi. Məhz bundan sonra falçı və cadugərlər bütün medianı zəbt edib böyük bir kütləni xurafata sürükləməyə başlamışdı. Etibar bəydən sonra onlara qarşı dura biləcək bir media orqanı yox idi. Bir tərəfdən də vaxtilə onun sağında-solunda olan insanlar ortadan qeyb olmuşdular". "Amin" qəzetinin ənənəsini davam etdirmək istəyinin uzun zaman əngəlləndiyini vurğulayan çıxışçı ilin sonlarına doğru "Proqnoz" adlı qəzet buraxdığını, lakin cəmi 8 saydan sonra onun sıradan çıxarıldığını söylədi: "Qısa fasilədən sonra "Qoroskop" adı ilə ortaya çıxan bu qəzet böyük oxucu kütləsi tərəfindən bəyənildi. Əvvəl "Rezonans" və "Müstəqil qəzet" redaksiyalarının nəzdində çıxsaq da, 2003-cü ildən müstəqil qəzet kimi fəaliyyət göstərdik". S.Rəhimli 4 ildən artıq "Bürclər" adlı əlavə qəzetin və 10-a yaxın xüsusi buraxılışın çıxmasını da "Qoroskop"un adına yazdı. Amma ağır günlərdən də bəhs etdi: "Elə oldu ki, 2006-cı il başlayanda qəzetimizi saxlamaq məcburiyyətində qaldıq. Düz iki ay fəaliyyətsiz qaldıq. Amma bir gün satış məntəqələrində həm "Qoroskop", həm də "Bürclər" adlı əxlaqsız, şou xarakterli, yalan proqnozlardan ibarət magiya meylli qəzetlər gördüm. Düşündüm ki, bu, Allahın bir işarəsidir ki, nəyin bahasına olursa-olsun, qəzetlərimiz bərpa olunmalıdır. Mən də davam etdirdim və bu günə qədər bir sayımız da təxirə düşməyib". Baş redaktor 2007-ci ildən "Qoroskop"a istedadlı gənclərin toplaşdığını açıqlayarkən başda Dilqəm Əhmədin adını çəkdi. Söylədi ki, onun və redaksiyaya cəlb etdiyi tələbələrin fədakarlığı sayəsində bu gün "Qoroskop" bütün təbəqələrdə sevilə-sevilə oxunur. Hətta 7-8 sayın məhz Dilqəm bəyin birbaşa rəhbərliyi altında çıxdığını da sevinclə qeyd etdi. S.Rəhimli çıxışında "Qoroskop" qəzetinin 4 istiqamətdən ibarət olan məramını da xatırlatdı: 1. Astrologiya elminin təbliği; 2. Dinimizin, əxlaqımızın, türkçülüyümüzün qorunması; 3. Etibar Elkinin təməlini qoyduğu məktəbin inkişaf etdirilməsi; 4. Avesta və Zərdüştümüzün özümüzə qaytarılması. Sonda isə çoxları üçün sensasiya sayılacaq bir ifadə işlətdi: "Cəsarətlə deyim ki, dərc olunduğumuz bu 10 ildə çıxan 222 say "Qoroskop", 80 saya yaxın "Bürclər" və 10-a yaxın xüsusi buraxılışımıza kənardan bir manat da köməklik göstərilməyib. "Qoroskop" təkcə Azərbaycanda və MDB-də deyil, bəlkə də bütün dünyada yeganə qəzetdir ki, 10 il sponsorsuz, ofissiz, texniki avadanlıqları olmadan fasiləsiz fəaliyyət göstərib, öz tərəfsizliyini, azadlığını qoruyub, işçiləri məvacib almayıb". Mərhum parapsixoloq Etibar Elkinin bacısı Fərqanə Məmmədəliyeva S.Rəhimlini 1997-ci ildən tanıdığını, qardaşının onun haqqında həmişə yaxşı fikirlər söylədiyini dilə gətirdi: "Qardaşımın faciəli ölümündən sonra Səbuhi ilə evimizdə görüşdük. Çox isti söhbətimiz oldu. Onun istək və arzularını, qardaşımın təməlini qoyduğu ideyaları necə həvəs və enerji ilə davam etdirəcəyini gördüm. Özü dediyi kimi, çox əziyyətlər bahasına "Qoroskop" qəzetini ərsəyə gətirən Səbuhi bütün kollektivi ilə Etibar Elkini tanımayanlara da tanıtdı. Bu gün mən bu tədbirdə çıxış etməkdən qürur duyuram. Çünki 10 yaşı tamam olan "Qoroskop" cəmiyyətimizə mənəvi dəyərləri, mübarizliyi, əyilməzliyi aşılayıb". Astroloq Hacı Firudin Qurbansoy "Qoroskop"çuları özünə doğma kollektiv bildiyini dedi: "Bildiyiniz kimi, "Qoroskop" qəzeti çox ağır bir zamanda meydana çıxdı. Öz dəsti-xətti, öz fərqli yanaşmaları ilə qısa zamanda böyük oxucu kütləsinin maraq dairəsinə düşdü. Burada Səbuhi qardaşımızın rolu danılmazdır. "Qoroskop" hamıya dost kimi baxır, hər hansı qərəz, sifariş və böhtan ondan uzaqdır. Bu qəzet xalqımızın birliyinə, həmrəyliyinə xidmət edir. Mən həm Səbuhinin, həm də bu ənənəni yaradan Etibar qardaşımızın ruhu qarşısında baş əyirəm. Çünki bu mətbu orqan "Amin" qəzetinin ideya və məramını ləyaqətlə, qorxmadan davam etdirir. Bu gün təkcə "Qoroskop"çuların deyil, hər birimizin bayramıdır, qələbə günümüzdür". Həkim və astroloq kimi tanınan Arzu Əfşarsoy qəzetlə 2001-ci ildən əməkdaşlığa başlamasından bəhs etdi: "Həmişə "Qoroskop"da çalışanlara qibtə etmişəm. Doğrudan da onlar fədailərdir, heç bir təmənna ummadan, heç bir para-pula əyilmədən gecə-gündüz çalışırlar. Bəzən bir məqalə yazmaq üçün mövzu və vaxt qıtlığı yaranır, insanın tənbəllik dövrü olur. Amma bu uşaqlar bütöv bir qəzeti fasiləsiz olaraq rəngarəng mövzularla təmin edir, oxucuların ən xırda maraqlarını belə ödəməyə çalışırlar". Bu gün "Qoroskop"dan başqa heç bir qəzetin elmi astrologiyanın təbliği ilə məşğul olmadığını deyən Arzu bəy bütün bölgələrdə yüzlərlə daimi oxucu ilə rastlaşdığını bildirdi. S.Rəhimli tədbir iştirakçılarına "Qoroskop"un çox insanları barışdırdığını, çox müşküllərə aydınlıq gətirdiyini xatırlatdı. Daha sonra "Bu gün də heç vaxt bir yerdə görmədiyiniz Azərbaycanın bütün astroloqları bir araya gəlib" deyərək Hacı İlham Mirzəyevi səhnəyə dəvət etdi. Çox səmimi və təbii danışan İlham müəllim S.Rəhimli ilə bir kursda oxuduqlarını, ağrılı-acılı günlər yaşadıqlarını xırda detallarına qədər anlatdı: "Elə fikirləşməyin ki, "Qoroskop" məni tumarlayıb, əksinə bir dəfə də olsun, xeyrimə nəsə yazmayıb. Nə vaxt baxmışamsa, əleyhimə döşəyib. Amma mən inciməmişəm, çünki Səbuhinin mərdliyinə bələdəm, onun cəsarətinə böyük hörmət bəsləyirəm". S.Rəhimlinin mərd və əyilməz olduğunu bir daha vurğulayan İlham Mirzəyev onun şoudan uzaq olduğunu və proqnozlarının həmişə düz çıxdığını söylədi. Daha sonra maraqlı faktlar söylədi: "Bəziləri guya qoroskopa, astrologiyaya inanmadığını desə də, dəfələrlə onların əlində "Qoroskop" qəzeti görmüşəm. Neçə-neçə nazirin, deputatın kabinetində olmuşam, masanın üstündə bu qəzeti görmüşəm. Etiraf etməliyik ki, bu gün Azərbaycanda astrologiya ilə məşğul olan yeganə şəxs Səbuhi Rəhimlidir". Parapsixoloq Tünzalə Bayramlı S.Rəhimlini dövrümüzün qəhrəmanı adlandıraraq tutduğu yolda ona hər kəsin yardımçı olmağa borclu olduğunu dilə gətirdi. O, "Qoroskop"un 10 il ayaqda durmasının bir səbəbini də minlərlə oxucunun bu qəzetə könüllü enerji, mənəvi qida verməsi ilə əlaqələndirdi. Maraqlı çıxışlardan birini də Veteran Jurnalistlər Birliyinin sədri, 30 illik jurnalist təcrübəsi olan Tahir Paşa söylədi. O, "Qoroskop"un ölkəmizdə yeganə və əsl ictimai bir qəzet olduğunu dilə gətirdi: "Bu qəzet mənim ömrümdə, taleyimdə, baxışlarımda önəmli rol oynayır. Mən çox sürətli qəzet oxuyanam. Amma bəzən "Qoroskop"u iki həftə oxuyuram. Çünki oradakı hər bir məqalənin arxasında dərin bir məntiq durur, elmə söykənir, insanı düşündürür. İndiki qəzetlər bolluğunda, insanların səbrsiz olduğu bir vaxtda "Qoroskop" yeganə qəzetdir ki, oradakı yazılar təkrar-təkrar oxunur". Tahir bəy vaxtilə Etibar Elkinlə radioda birlikdə çalışdıqlarını, hələ sağlığında ona böyük önəm verdiyini deyəndən sonra qəzetin mahiyyətini belə anlatdı: "Azərbaycan mətbuatında bu gün çatdırılmayan, mövcud olmayan, yeni və ehtiyac duyulan janrla dərc olunan mətbu orqan "Qoroskop"dur. O mətbu orqan ki körpənin ana bətnində olmasından dünyasını dəyişməsinə qədər, axirət dünyasına qədər insanın bilməsi, öyrənməsi vacib olan bütün məsələləri özündə ehtiva edir. Qəzetinizdə gedən yazıların əksəriyyəti bu zamanın, bu cəmiyyətin, bu siyasi qanunların hələ də həyatlarına zərbə vurub, müdaxilə etmədiyi gənclərin məhsuludur. Hər bir məqalədə müəllifin obrazı - saflığı, istedadı, işığı, mənəviyyatı göz önünə gəlir". Qəfildən Səbuhi bəy mikrofonda qəhərli səslə danışmağa başladı, hətta bəzi ifadələr aydın eşidilmədi. Hamının diqqəti ona yönəldi. O, özünü az da olsa ələ alıb vaxtilə döyüşdüyü könüllülər batalyonunun komandiri, yazıçı-publisist Fərman Tərtərlini yanına çağırdı. Əlini komandirinin kürəyinə qoyub "müharibə çox dəhşətli şeydir, orada elə hallar olur ki, zaman çarxı onu nə sağaldır, nə də uzaqlaşdırır" dedi. Kövrəldiyi üçün davamını gətirə bilmədi və sözü saçları tamam ağarmış Fərman bəyə verdi. Çıxışçı ilk öncə qəhrəman döyüşçü Əhli Həbiyevə həsr etdiyi "Qartal harayı" kitabını keçmiş əsgərinə bağışladı. Sonra özündən əvvəlkilərdən kəskin fərqlənən çıxış etdi: "Sizin işiniz asandır, çünki hamınız Səbuhini sağ görmüsünüz. Amma mən onun meyitini görmüşəm - qanın içində, xəstəxananın dəhlizində, onlarla meyitlə yan-yana. Bir həkimin təsadüfi diqqəti nəticəsində onun ölmədiyi aydın olub və o dünyadan geri qaytarılıb". Hələ 1992-ci ildə sərhədlərin açılmadığı və sovet rejimindən tam qurtulmadığı bir vaxtda S.Rəhimlinin batalyonda türkçülüyü necə təbliğ etməsindən, öz söhbətləri ilə döyüşçülər arasında necə ruh yüksəkliyi yaratmasından bəhs edən Fərman bəy keçmiş əsgərini bağrına basdı. Çox kövrək və təsirli bir səhnə idi. Çıxışçı fikrini bu sözlərlə bitirdi: "Elə əsgərlərim vardı ki, döyüş əmri eşidən kimi sarılıq keçirirdi, amma bu cılız, çəlimsiz oğlan axıra qədər bütün döyüşlərdə bizimlə çiyin-çiyinə oldu, əsl qəhrəmanlıq nümunəsi göstərdi". Çıxışlararası AzTV-nin solisti, peşəkar xanəndə Səfalət Səmədoğlunun və gənc müğənni Sevinc Musayevanın bir-birindən maraqlı mahnıları məclisə daha da gözəllik verirdi. Səbuhi bəyin tələbə yoldaşı, "Toppuş bacı" kimi tanıdığımız aktrisa Tünzalə Əliyevanın zarafat dolu çıxışı tədbir iştirakçılarının ovqatını xeyli yüksəltdi. O, 20 ilə yaxın S.Rəhimli ilə xoş münasibətdə olduğunu, onun sənətinə, mövqeyinə böyük önəm verdiyini söylədi və ən gözəl arzularını dilə gətirdi. Daha sonra "Zerkalo" qəzetinin şöbə müdiri Azər Rəşidoğlu öz çıxışı ilə "Qoroskop"a sevgilərini bəyan etdi: "Mən peşəkar jurnalist kimi daimi oxuduğum yeganə qəzet məhz "Qoroskop"dur. Orada dərc olunan bütün yazılar gözəldir, elmidir, təsirlidir". Tədbirdə iştirak edən bir qrup insan "Astrologiya elminin, o cümlədən "Qoroskop" qəzetinin təbliğində, inkişafında və cəmiyyəti maarifləndirmək istiqamətində yaxından iştirakına görə" fəxri fərmanlarla, həmçinin ""Qoroskop" qəzetinin yaşamasında, ərsəyə gəlməsində və uğurlar qazanmasında əvəzsiz xidmətinə görə" diplomlarla təltif olundular.