[b]Özünüz deyin, Mədəniyyət və Turizm Nazirliyi bu cür halda nə etməlidir? [/b] Düz deyirmişlər: "Tarix-ütülənmiş şayiələr toplusudur". Dünənə kimi, Azərbaycana gələn hər bir qonağı şəhərin düz göbəyindəki bağa aparıb, fəxrlə deyirdik: "Bu, Azərbaycan xalqını feodal-burjua zülmündən qurtarmış mübariz 26 Bakı komissarının şərəfinə ucaldılmış abidədir". Bu gün gözümüzü dörd açıb deyirik: "Azərbaycan xalqının cəlladları olmuş 26 Bakı komissarına tariximizdə yer yoxdur". [b]Sovet əfsanələrinin yaşadığı binalar... [/b] Ütülü şayiələri-tarixi sağa-sola o qədər yuyub sərdik ki, axırda sanki xətkeşlə ölçülüb qoyulmuş siyasi xətlərdən biri də itdi. Amma əbədi rahatlığını pozduğumuz 26 Bakı komissarından başqa, əvvəlcə xilaskar, sonrasa cəllad olmuşların məzarını çevirməklə iş bitmir. Günü bu gün də Bakıdakı binaların lal divarlarında neçə-neçə komissarın adları qalmaqdadır. Qəzənfər Musabəyov, Dadaş Bünyadzadə, Ayna Sultanova... sovet əfsanələrinin yaşadığı binalar, adlarını daşıyan küçələr... Bakı Şəhər İcra Hakimiyyətində dalan və döngələri sahmana salmaq işini elə bil müəyyən müddətə təxirə salıblar. Paytaxtın 200-dən çox küçsindən "sovet zibili" təmizlənsə də, adı ilə qan yaddaşımızda qıcıq yaradan simaların çoxu hələ qalmaqdadır. Bu işin digər bir ucu Mədəniyyət və Turizm Nazirliyinə gedib çıxır. Yox, yox, ittiham etmirik, ölkənin tanınmış ictimai-siyasi, elm və mədəniyyət adamlarının adlarının əbədiləşdirilməsi nazirliyin daimi diqqətindədir. Dövlət başçısının müvafiq sərəncam və fərmanları ilə son illərdə xatirəsi heykəl, barelyef və s. ilə əbədiləşdirilmiş onlarla tarixi şəxsiyyət var. Köhnə ev muzeylərinə də (Əzim Əzimzadə, Niyazi, Vaqif Mustafazadə, Üzeyir bəy Hacıbəyov, Səməd Vurğun, Bülbül, Cəfər Cabbarlı, Məmməd Səid Ordubadi, Cəlil Məmmədquluzadə, Səttar Bəhlulzadə, Mstislav Rastropoviç) vaxtlı-vaxtında əl gəzdirilir. Məsələn, 2008-də Üzeyir Hacıbəyovun ev muzeyində təmir gedəndə şəxsən Mədəniyyət və turizm nazirinin özü tez-tez dahi bəstəkarın bir vaxtlar sakin olduğu kiçik binanın həndəvərində görünürdü. Və sanki öz "qəfil gəlişləri" ilə təmirçiləri işə daha çox can yandırmağa həvəsləndirirdi. [b]Əliağa Ağayevin yeganə mirası-evi də satılıb... [/b] ...İnsan ömrü yarpaq kimidir. Gövdəsindən qopdu, saraldı-soldu, yerə düşdü və torpağa qarışdı... Xalq artisti Əliağa Ağayevin vaxtı ilə yaşadığı binanın girişindəcə dünyanın bu faniliyini anlayırsan. Payızın havası tez-tez dəyişən günlərindən biri. "Akademiya" metrostansiyasının yaxınlığındakı ünvan. Əliağa Ağayev küçəsi. Bina N? Evin önündə bizi salamlayan barelyef. Barelyefdəki əks tozdan-qubardan güclə sezilir. Mərhum aktyorun yaşadığı evin qapısı. Zəngi basırıq. Qapını açan yoxdur. "Bəlkə, ünvanı dəyişik salmışıq?". Məcburiyyətdən qonşu qapısını döyürük. Üzümüzə qapını açmayan şəxsin içəridən gələn səsi: "Kim lazımdır?". "Biz mərhum xalq artisti Əliağa Ağayevin evini axtarırıq, səhv etməmişik ki?". Yenə də qapı arxasından gələn kəskin tonlu səs: "Əliağa Ağayevin ailəsi daha burada yaşamır". Qonşu mənzilin açılan qapısı. Üzümüzə təəssüflə baxan yaşlı bir kişi. "Nahaq gəlmişsiniz. Əliağa Ağayevin nəvələri bu mənzili satışa çıxarıblar". Naəlac qalıb pilləkənlərlə enirik. "Heyf, bura ev-muzeyi də ola bilərdi..." Və xatırlayırıq: "Bu qapı hələ bir neçə il bundan öncə üzümüzə taybatay açılmışdı". Qapını üzümüzə açan mərhum aktyorun xanımı Cəvahir Əliyeva olmuşdu. İçəri girəndə oturmağa düz-əməlli bir yer tapa bilməmişdik. Hər yan qarmaqarışıq idi. Mənzildə təmir işlərinə hazırlıq gedirdi. "Uşaqlar təmir deyib durublar, mən isə bunu istəmirəm. Bu evdə Əliağanın ruhu dolaşır, bu evin bütün divarlarından onun qoxusu gəlir". Cəvahir xanım bunu da bilirdi ki, bu cür evdə yaşamaq da ayıbdır. "Bəzən özüm də qonaq-qaradan utanıram, amma təmir də ürəyimcə deyil". Xatirəmizdə qalmış bu kədərli-nisgilli söhbətdən az keçmiş Cəvahir xanım da dünyasını dəyişdi. Dərd ardınca dərd gəlmiş bu mənzil sonralar mərhum aktyorun oğlunun, ardınca gəlininin yas mərasiminə şahid oldu. Nəhayət, nəvələr dərddən qurtulmanın yolunu tapdılar: evi satışa çıxardılar... İnsan simasına təbəssüm qonduracaq və istər-istəməz adamı güldürəcək saysız-hesabsız teatr və kino rollarının mahir ifaçısından bizə yadigar qalan sənəti oldu, ailə üzvlərinə qalan yeganə miras-mənzil isə bu gün-sabah özgələrin olacaq. Xalq artisti, tanınmış sənətkar, Azərbaycan musiqisini 150-dən çox ölkədə təbliğ edən Rəşid Behbudovun isə nəinki ev muzeyi, heç baralyefi belə yoxdur. Niyə? [b]Rəşid Behbudova aid əşyaları Mahnı Teatrından kim oğurlayıb? [/b] Əbülfəs Qarayev, istədikdə, əlbəttə, işin qulpunu tapmağı və ondan ikiəlli yapışmağı bacarır. Amma elə şəxsiyyətlər də var ki, onların ev muzeylərinin açılması haqqında prezidentin sərəncamını həyata keçirməyə hətta əzmkar nazirin də gücü çatmır. Məsələn, dünya şöhrətli sənətkar, xalq artisti Rəşid Behbudovun. Onun ev muzeyinin açılması məsələsi, deyəsən, əməlli-başlı daşa dirənib. Çünki Mədəniyyət və Turizm Nazirliyi ilə mərhumun qızı Rəşidə Behbudova arasında münaqişə var. Söz gəlişi deyək ki, bu münaqişə Əbülfəs Qarayevə sələfindən miras qalıb. O zaman Polad Bülbüloğlunun bostanına daş atan Rəşidə Behbudova indi də eyni ittihamları Əbülfəs Qarayev haqqında işlədir. [b]Daşa dirənmiş məsələnin kökündə nə durur? [/b] Düzü, bu neçə ildə münaqişənin üstünə o qədər şayiə, dedi-qodu, atmaca gəlib ki, nəyin doğru, nəyin yalan, kimin haqlı, kimin haqsız olduğunu ayırd etmək müşküldür. Amma məlum olan budur ki, dövləti təmsil edən Mədəniyyət və Turizm Nazirliyi bir vaxtlar Rəşid Behbudovun sakin olduğu mənzili ev-muzeyinə çevirməkdə əsla tərəddüd etmir. Mərhum sənətkarın varisi isə bu nəcib işə əmma qoyur. Daha doğrusu, şərt... "Dövlət Behbudovların mənzilini deyil, indi atamın adını daşıyan Mahnı Teatrını muzeyə çevirməlidir, vəsallam". Mədəniyyət və Turizm Nazirliyinin cavabını gözləməyən Rəşidə Behbudova, deyilənə görə, bir vaxtlar hətta Mahnı Teatrında guşə də yaradıbmış. Mərhum sənətkara aid bəzi əşyaları (buxara papaq, müştük, qızıl üzük və s.) guşədə gəlib-gedənin gözü qarşısındaymış. Amma bir müddətdən sonra hansısa bədəməl eksponatları tənbəllik etmədən öz cibinə qoyub, sakitcə aradan çıxıb. Yəni, ailənin öz dili ilə desək mərhuma aid əşyaları oğurlayıblar. Bəs, oğru kimdi? Xanım Behbudova o gündən bu günə Mahnı Teatrının rəhbərliyini də, Mədəniyyət və Turizm Nazirliyinin məsul işçilərini də yuyub sərir. Onları bu məsələdə ittiham edir. Əks tərəf də aciz deyil, özünü sudan quru çıxarmağa əsasları var: "Bəs, Rəşid Behbudovun bir vaxtlar yaşadığı mənzildə onun ev-muzeyinin yaradılmasına icazə niyə vermirsiniz"? Aha, bu yerdə dil çaşır, ağız quruyur. Bilirsiniz, niyə? ... Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin Zərgərpalan küçəsindəki yaşadığı evin önündə məşhur "Mixaylo"nun xatirə lövhəsi durur. "Bu binada..." Yox, bu binada, sözügedən mənzildə Hüseynzadələrdən kimsə qalmayıb. "1975-ci ildən burada yaşayırıq. Ev isə hələ bizdən əvvəl iki nəfərə satılıb. Biz bura köçəndə mənzildə Mehdi Hüseynzadəyə aid heç nə yox idi", - deyə heç bir günahı olmayan yeni sakinlər yaxalarını kənara çəkir. Mədəniyyət və Turizm Nazirliyində, əlbəttə, qarşısında xatirə lövhəsi olan əksər mənzillərin eyni qaydada əldən-ələ keçməsini yaxşı bilirlər. Elə mərhum xalq artisti Rəşid Behbudovun da ev-muzeyinin açılması eyni səbəbdən gerçəkləşmir. Nazirlik rəsmilərinin sözlərinə görə, ölkə başçısının verdiyi sərəncamda R.Behbudovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir sıra məsələlər həllini tapmalıydı. "Sərəncama əsasən, birinci növbədə, ev muzeyinin açılması, binanın qarşısında xatirə lövhəsinin vurulması, disk və kasetlərinin yazılması və ya yenidən köçürülməsi haqqında ayrı-ayrı bəndlər vardı. Amma mərhumun qızı R.Behbudovun mənzilini kirayəyə verib. Belə bir vəziyyət Mədəniyyət və Turizm Nazirliyini, bütövlükdə dövləti çıxılmaz halda qoyur. Biz Behbudovlar ailəsinə qarşı zor tətbiq edə bilmərik. Seçim onların özünündür. İndi mənzillərin çoxu özəlləşdirilib, evin sahib isə onun satılması, yaxud icarəyə verilməsi haqqında sərbəst şəkildə qərar çıxarmaq haqqına malikdir. Belə olan təqdirdə nə etmək olar ki?!" Yeri gəlmişkən, Behbudovlar ailəsi ilə nifaqın kökündə duran məsələ Mədəniyyət və Turizm Nazirliyini digər tanınmış elm və mədəniyyət xadimlərinin varisləri ilə də üz-göz edib. Məsələn, mərhum xalq artisti Nəsibə Zeynalovanın da yaşadığı mənzili indi ev-muzeyinə çevirmək mümkün deyil. Yaxşı, bəs, Rəşid Behbudovun yaşadığı binaya xatirə lövhəsi niyə vurulmur? Yoxsa ona da mərhum sənətkarın qızı mane olur? Nazirlik rəsmilərinin bu suallara da cavabı var. "Xatirə lövhələrinin hazırlanması kənardan baxana çox asan gəlir, əslində isə bu, çox məsuliyyət tələb edən işdir. Hazırda bir neçə rəssam bu işə cəlb edilib və onlar Rəşid Behbudovun bütün həyat və yaradıcılığını tam əks etdirə biləcək obraz axtarışındadır. Mahnı Teatrında isə mərhum sənətkarın musiqi mədəniyyətimizə töhfələrini xatırladan kifayət qədər eksponat var". [b]Mahnı Teatrı yəhudi icmasına veriləcək, yoxsa?..[/b] Mahnı Teatrı. Nəhayət, ona da gəlib çatdıq. Rəşid Behbudovun bu mədəni mirasına yiyə durmaq istəyənlər var. Sovet dövrünə qədər sinaqoq olmuş, sonralar bir müddət anbar kimi istifadə edilən binanı köhnə təyinatına qaytarmaq istəyənlər var. Ötən həftə isə bu məsələ mətbuatın gündəminə çevrildi. Yəhudi icmasının rəhbəri Rəşid Behbudov adına Mahnı Teatrının binasına sahib olmaq məqsədiylə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məktubla müraciət ünvanladı. Şəhər meri isə yəhudi icmasının rəhbərinin nəzərinə çatdırdı ki, "Onların bizə ünvanladığı müraciətə baxılıb. Yaxın günlərdə bu məsələ ilə bağlı ölkə başçısına məlumat veriləcək. Mahnı Teatrının kimə qalması, yəni, sonrakı sahiblərinin kim olacağına ölkə başçısı qərar verəcək". Bəs, Mahnı Teatrının rəhbərliyi və yaradıcı kollektivi mərhumun adını daşıyan bu qalmaqallı mədəniyyət ocağını yəhudilərə qaytaracaqmı? Elə bu sualla da sözügedən teatra telefon açdıq. Dəstəyi qaldıran xanım "Kamil Vəzirov istirahətdədir. Bir də iş başında sentyabrda olacaq",- deyib durdu. O ki qaldı kollektivin yaranmış vəziyyətə münasibətinə, "Biz kimik ki. Özbaşına necə qərar çıxara bilərik? Biz də sizin kimi yuxarılardan qərar gözləyirik. Əgər yuxarıda desələr ki, teatrı boşaldıb yəhudi icmasına təhvil verin, o zaman yəqin ki, bu da olacaq. Dövlətə qarşı çıxa bilmərik. Rəşid Behbudov bu xalqın sənətkarıdır. Çox güman ki, bu teatr ocağı yəhudilərə verilsə, onun adı başqa bir məkanda əbədiləşəcək". Sonra da deyirlər ki, xalqın sənətkarı unudulur. Bir halda ki, sən öz ailə üzvünün sənətini qiymətləndirməyi bacarmırsan, daha dövlət neyləməlidi? [b]Bahar RÜSTƏMLİ [/b]