General-mayor Altay Mehdiyev Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandan əvəzi təyin olunub. Məlumatı ?Media forum? saytına Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu verib. O qeyd edib ki, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanını təyin etmək prezidentin səlahiyyətinə aid məsələdir və hələ ki, dövlət başçısının bununla bağlı sərəncamı yoxdur. E.Sabiroğlunun sözlərinə görə, A.Mehdiyev peşəkar hərbçidir, indiyə qədər Müdafiə Nazirliyinin ?N? saylı ordu korpusunda baş qərargah rəisi vəzifəsində işləyib. Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev fevralın 11-də səhər saatlarında yaşadığı evin yaxınlığında, paytaxtın İsmayıl bəy Qurtqaşınlı küçəsində qətlə yetirilib. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və qanunsuz silah saxlama maddələri ilə cinayət işinə başlanıb.