Bir qədər əvvəl Məşədi Əzizbəyovun Bakıdakı heykəli götürüldü. Yasamal rayon İcra Hakimiyyətinin rəsmiləri ANS PRESS-ə açıqlamalarında bildiriblər ki, heykəl həmişəkil götürülmür və restavrasiya olunduqdan sonra yenidən yerinə qaytarılacaq. Amma onlar bu işin niyə gecə saatlarında görüldüyünün səbəbləri açıqlamayıblar. Ərazidə televkanalların çəkiliş aparmasına icazə verilmirdi. Rayon İcra Hakimiyyətinin əmkdaşları bunu Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə izah edirdilər. Qeyd edək ki, Məşədi Əzizbəyov heykəlinin götürüləcəyi barədə məlumatlar bir müddət əvvəl yayılmışdı. Həmin məlumatlarda deyilirdi ki, heykəlin yerləşdiyi parkın ərazisi tanınmış iş adamlarından birinin xoşuna gəlib. Parkın yerində həmin şəxsin böyük restoranlar şəbəkəsi inşa etdirəcəyi bildirilir. Artıq tikiləcək 6 mərtəbəli restoran kompleksinin layihəsi də hazırdır. Heykəlin isə Əzizbəyov rayonu ərazisinə köçürüləcəyi planlaşdırılır. Məşədi Əzizbəyov heykəli 1976-cı ildə ucaldılıb. Memarı Tokay Məmmədov, arxitektoru Q.Muxtarovdur. Hündür qranit özül üstünə qaldırılan abidədə heykəltəraş, inqilabçını emosional, siluet ifadəliyi, bütün kompozisiyanın dinamikliyi və psxoloyi keyfiyyətdə yaradıb. "Məşədi Əzizbəyov" abidəsinə görə 1978-ci ildə heykəltəraşa SSRİ Dövlət mükafatı təqdim edilib.