Ötən gecə dağlıq rayon olan Gədəbəyə yağan qar səbəbindən kəndlərin rayon mərkəzi ilə əlaqəsi çətinləşib.
Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, hazırda dağlıq ərazilərdə qalın qalınlığı 35-40, nisbətən aşağı yerlərdə isə 15-20 sm-ə çatır. Yolları qardan təmizləmək üçün 33 saylı Yol İstismar İdarəsinin texnikası və canlı qüvvəsi səfərbər edilib.
Nəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək üçün ağır texnikalar vasitəsilə yollar qard an təmizlənir. İdarə tərəfindən kifayət qədər həcmdə - 30 ton duz, 550 kubmetr qum ehtiyatı toplanıb və hazırda qum-duz qarışığı yollara səpilir.
Eyni hal digər dağ rayonu Daşkəsəndə də müşahidə olunur.
Tovuzda isə qəfil dəyişən hava şəraiti və müşahidə olunan qatı duman avtomobillərin hərəkətini çətinləşdirib. Ötən gün təxminən saat 21 radələrindən başlayaraq rayonun Əlibəyli, Yuxarı Öysüzlü kəndlərindən rayon mərkəzinə gedən sürücülər qatı duman səbəbindən çətin anlar yaşayıblar. Hətta avtomobilini yol kənarında saxlayıb dumanın çəkilməsini gözləyənlər də olub.
Yerli sakinlər son 5 ildə rayonda belə dumanlı, çiskinli hava müşahidə edilmədiyini bildiriblər.

* * *11:24
Şənbə günü səhər saatlarından başlayaraq şimal-qərb istiqamətindən daxil olan soyuq hava kütlələri ölkə ərazisində hava şəraitini kəskinləşdirib.
Baş Dövlət Yol Polisi İdarəsindən lent.az-a bildirilib ki, hazırda bəzi istiqamətlərdə yağıntı davam edir. Lakin magistral yollarda hər hansı buzlaşma və ya sürüşkənlik müşahidə edilmir.
Qeyd edək ki, bu gecə bir sıra bölgələrdə sulu qar və qar yağıb.