Sakinlərlə yerlərdə görüşlərini davam etdirən Lənkəranın icra başçısı Taleh Qaraşov növbəti görüşünü rayonun Şürük kəndində keçirib.
Bu barədə Mia.az İcra Hakimiyyətindən məlumat daxil olub.
Görüşdə İcra hakimiyyəti başçısı aparatının, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların, xidmət sahələrinin rəhbər işçiləri və 300 nəfər kənd sakini iştirak edib.
İcra başçısı görüşü açaraq Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkənin sosial-iqtisadi inkişafı sahəsində aparılan genişmiqyaslı quruculuq-abadlıq işlərindən danışaraq qazanılan nailiyyətlərin Heydər Əliyev siyasi kursunun bəhrəsi olduğunu qeyd edib.
Sonra həyata keçirilən iqtisadi islahatlarından, milli maraqlara xidmət edən neft strategiyasından, regionların tərəqqisi üçün qeyri-neft sektorunun inkişafına göstərilən diqqətdən geniş bəhs edən icra başçısı bütün bunların dövlətimizin daha da qüdrətlənməsi, ölkə vətəndaşlarının rifahının qaldırılması, həyat şəraitinin yaxşılaşması üçün edildiyini vurğulayıb.
Taleh Qaraşov bu gün dünyanı narahat edən iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsirinin az olmasının, ölkə əhalisi üçün ciddi iqtisadi sıxıntı yarada bilməməsinin başlıça səbəbinin məhz cənab Prezident İlham Əliyevin düzgün iqtisadi siyasət həyata keçirdiyinin, ölkənin həm siyasi, həm də iqtisadi kursunu düzgün yolla apardığının parlaq nümayişi olduğunu da bildirib.
Çıxış edən kənd sakinləri Prezidentin fəaliyyətini razılıq hissi ilə qarşıladıqlarını söyləyərək rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərə görə ölkə başçısına minnətdar olduqlarını bildiriblər. Onlar Cənab Prezidentin anti-böhran tədbirlərini humanist qərar adlandıraraq ölkəmizin parlaq gələcəyinə inandıqlarını, bu inamla cənab Prezidentin ətrafında sıx birləşdiklərini, bundan sonra da Vətənimizin tərəqqisinə xidmət edəcəklərini söyləyiblər.
Görüşün sonunda İcra başçısı vətəndaşların müraciət və təkliflərini dinləyərək, onların həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlarını verib.