Bəyanatda vurğulanır ki, 1990-cı il törədilmiş 20 Yanvar faciəsi bütün dünya tərəfindən insanlığa qarşı misli görünməmiş cinayət olaraq tanınmalıdır: "1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və zirehli texnikası xəbərdarlıqsız, anidən Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir çox digər şəhər və rayonlarına yeridilib, hərbi gəmilərdən çıxarılan desant qrupları da şəhər üzərinə hücuma keçib. Nəticədə beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulub, öz hüquqlarının, torpaqlarının və milli mənliyinin müdafiəsinə qalxmış çoxmillətli xalqımıza divan tutulub. Keçmiş SSRİ rəhbərlərinin göstərişinə əsasən, Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi amansızcasına öldürüb, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz həbs edilib.
Yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra isə daha 21 nəfər öldürülüb. Yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılıb, tibb işçiləri də şəhid olub, yaralanıblar”.
Bəyanatda bildirilib ki: "1990-cı il 20 yanvar günü Azərbaycanda insanlıq əleyhinə törədilmiş bu dəhşətli əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulsa da, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan 20 Yanvar faciəsinə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb. Beynəlxalq hüquqa əsasən 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tanınmalıdır. Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi qəbul edilir. Dünya ictimaiyyətinin və beynəlxalq qurumların Azərbaycanın haqlı tələblərini dəstəkləmələrinə, bu misli görünməmiş qanlı aksiyanın insanlıq əleyhinə cinayət kimi beynəlxalq hüquqi qiymətini alacağına və cinayətkarların cəzasız qalmayacağına ümid edirik”.
Bəyanat BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq Sülh Bürosuna, xarici ölkələrin respublikamızdakı səfirliklərinə və Azərbaycan Respublikasının xarici ölkələrdəki, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.