20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar Nərimanov rayonundakı Məktəb Lisey Kompleksində anım mərasimi keçirilib.

Mərasimdə rayonda yaşayan 20 Yanvar şəhid ailələri, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova və məktəbin müəllim-şagird kollektivi iştirak ediblər. 

İlk öncə tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin 20 Yanvar faciəsinə həsr olunmuş rəsmlərindən ibarət sərgiyə baxıblar.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra çıxış edənlər 20 Yanvar faciəsinin baş verməsinin siyasi səbəbləri və ağır mənəvi, psixoloji və sosial nəticələri barədə ətraflı məlumat veriblər. 

Keçmiş SSRİ-nin sonuncu rəhbərliyinin Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik və düşmənçilik siyasətindən bəhs edən çıxışçılar bildirib ki, faciənin törədilməsində əsas məqsəd Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının gerçəkləşməsinə münbit hərbi şərait yaratmaq olub:

"O vaxt xalqımızın Ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək 20 Yanvar faciəsini törədənləri kəskin ittiham etmiş və regionda baş verən siyasi proseslərin əsl mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Uzun illər bu hadisəyə siyasi qiymət verilməmiş, bəzi maraqlı qüvvələr bu qanlı cinayətin unudulmasına çalışmışlar. Lakin ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra 20 Yanvar faciəsinə ilk dəfə olaraq siyasi-hüquqi qiymət verilmişdir. Azərbaycan xalqı heç zaman bu hərbi cinayəti unutmayacaq, onu törədənləri bağışlamayacaqdır. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi həmişə qəlbimizdə uca tutulacaqdır".

Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam etdirilmiş, şagirdlərin ifasında öz şərəfli ölümləri ilə tarix yazmış qəhrəman Vətən övladlarına həsr edilmiş şeirlər səsləndirilmiş və qanlı Yanvar faciəsinin dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.