"Valyuta bazarında inzibati məhdudiyyətlər problemi həll etməyəcək. Əvvəlki illərdən fərqli olaraq idarəetmədə yanlış qərarların qəbuluna və icrasına iqtisadiyyatın dözməyə nə zamanı, nə də potensialı var. Bütün limitlər ötən 10 ildə xərclənib".
Mia.az xəbər verir ki, bunu tanınmış iqtisadçı Rövşən Ağayev bildirib.
Onun sğözlərinə görə, valyuta bazarında defisit yaradıb tələbi boğmağı hədəfə alan siyasət uğursuzluqla bitəcək:
"Hökumətin müəyyən müddət ölkədən kapital çıxışını sərtləşdirməsinə bəlkə də haqq qazandırmaq olar. Amma valyuta təklifini məhdudalaşdırıb manatı dəyərədən salan qərar ölkəni sosial fəlakətə aparır. Qiymətlər kosmik sürətlə artır, cəmiyyətdə panika sürətlə güclənir.
Hökumət cəmiyyətə müsbət mesajlar və impulslar verməlidir, amma yalnız quru sözlərlə yox - təcili antiböhran planı elan etməklə, gömrük sisteminin mətbuat səhifələrində deyil, gerçək həyatda hamının gözü qarısında islah etməklə, bir sıra gündəlik tələbat mallarına tətbiq olunan gömrük ödənişlərinə moratorium tətbiq etməklə, resursları hesabına valyuta bazarında valyuta təklifini dəstəkləməklə, kreditlərin sığortası fondunu təcili yaradıb bank sektorunu manatla kredit ayırmalarına stimullaşdırmaqla, büdcənin sosial yükünə yenidən baxmaqla.
Dünən yazdığım məqalədə də qeyd etmişdim ki, valyutaya təxirə salınmaz tələblər var, heç olmazsa onun gündəlik həcmi dəqiq hesablanıb banklar gündəlik olaraq həmin həcmi qarşılaya biləcək həcmdə valyuta kütləsi ilə təmin edilməlidir - təbii bankların valyuta satışını ciddi nəzarət və monitorinq altında saxlamaq şərtilə...
Böyük neft pulları ölkəni dumana bürüyəndə belə müstəqil təhlilçilər prosesin yönünü aydın görürdü və sonun pis olacağını deyirdilər.
İndi duman çəklib, irəli daha aydın görünür. Və son indi pis yox, çoox pis görünür...".
Mia.az