"Dövlət Statistika Komitəsində baş verən bir sıra qanun pozuntularına dair geniş məlumatlarla yaxın vaxtlarda ictimaiyyət qarşısına çıxmagı düşünürük”.
Bu sözləri və məsələyə dair bəzi informasiyanı Baş Hesablama Mərkəzinin (BHM) xidmət statistikası məlumatları şöbəsinin rəis müavini Ziba Manafova media nümayəndələri ilə söhbətində bildirib.
Ziba Manafovanın sözlərinə görə, hələ 2003-cü ildə onun işlədiyi BHM-nin Dovlət Statistika Komitəsinin (DSK) mərkəzi aparatına birləşdirilməsi nəzərdə tutulub: "Özü də bu proses Azərbaycan Prezidentinin 2003-cü il 20 fevral tarixli, 853 nömrəli Fərmanı ilə təsdiq edilmiş "2003—2007-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı” ilə tənzimlənirdi. Yəni, DSK-nin mərkəzi aparatının işlərinin Avropa ölkələrinin statistika orqanlarının işlərinə uyğun qurulması üçün BHM-nin aparata birləşdirilməsini nəzərdə tutmuşdu. Lap elə konkret olaraq, adıçəkilən Proqramın VIII bölməsində deyilir:
"Proqram çərçivəsində Baş Hesablama Mərkəzinin Dövlət Statistika Komitəsinin mərkəzi aparatı ilə birləşdirilməsi nəzərdə tutulur ki, bu da mərkəzi aparatın işlərinin Avropa ölkələrinin statistika orqanlarının işlərinə uyğun qurulmasına imkan verəcəkdir”.
Z.Manafova əlavə edir ki, hələ H.Əliyevin vaxtında Dövlət Proqramında qarşıya qoyulmuş bu məsələyə vaxtında diqqət edilməməsi və bu məsələnin hələ də öz həllini tapmaması sual doğurur: "Dəfələrlə bu məsələnin həlli ilə əlaqədar keçmiş komitə sədri Arif Vəliyev ona ünvanlanmış yazılı və şifahi müraciətlərə məhəl qoymayıb və şəxsi maddi marağını Fərmanın icrasından üstün tutub. Halbuki, həmin Dövlət Proqramında qeyd olunur ki, Proqrama ümumi rəhbərlik, onun həyata keçirilməsinin təşkili və yerinə yetirilməsinə nəzarət Dövlət Statistika Komitəsi tərəfindən həyata keçirilir. Hər ilin yekunu üzrə Dövlət Proqramının yerinə yetirilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat veriləcəkdir."
Digər tərəfdən, Fərmanın icrası ilə əlaqədar hazırki komitə sədri Tahir Budaqova edilən müraciətlər də ədalətsizliyin bərpa olunacağına dair ümidləri dogrultmayıb. T.Budaqov Fərmanın icra olunmasını həyata keçirmək əvəzinə, BHM-nin ləğvi üçün Nazirlər Kabinetinə müraciət edib: "Öz növbəsində Nazirlər Kabineti də 19 noyabr 2015-ci il tarixli 385s saylı sərancam verərək bu məlum Fərmandan irəli gələn birləşməni heç bir əsas olmadan ləğvetmə ilə əvəz edib, bununla da bir neçə cümləlik sərəncamla Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun, Müəssisələr haqqında Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların maddələrini pozub”.
Z.Manafova müxtəlif şəxslərə edilən müraciətlərin səmərəsiz qaldıgını vurgulayır: "BHM-nin kollektivi tərəfindən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri T.Budaqova ünvanlanmış 18.08.2015-ci il, 26.11.2015-ci il tarixli, Prezidentə ünvanlanmış 11.12.2015-ci il tarixli, kollektiv 2748-006 saylı müraciətlərə cavab verilməib. Bununla da ”Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası Qanunu”nun bir sıra müddəaları pozulub”.
Çox maraqlıdır ki, DSK sədrinin adıçəkilən BHM-lə baglı atdıgı addımlar bununla bitməyib: ”Nazirlər Kabinetinin 385s saylı sərəncamının işinə yaramadığını görən T.Budaqov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla işbirliyinə girərək "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzinin və Tədris Mərkəzinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 25 dekabr 2015-ci il tarixli, 325 saylı sərəncamı ilə daha bir qanunsuzluğa imza atmışdır. Bununla da Azərbaycan Respublikası Konstitusiyası, Azərbaycan Respublikası Mülki Məcəlləsi, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu, Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu, Həmkarlar İttifaqları haqqında Azərbaycan Respublikasının Qanunu pozulmuşdur”.
Z.Manafova narahatdır ki, Baş Hesablama Mərkəzinin kollektivinin başına gətirilən bu qanunsuz hərəkətlər uzun illərin zəhməti ilə formalaşmış statistika sistemini iflic vəziyyətinə salacaq və cox məsuliyyətli hesabatlar dövründə işin axarını pozacaq: " Dövlət Statistika Komitəsində baş verən bu qanunsuzluqların hansı məqsədlər güddüyü əslində məlumdur və yaxın günlərdə biz ictimaiyyətə daha geniş açıqlama verəcəyik”.
Mia.az