Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, ölkədəki ən böyük un istehsal edən şirkətlərdən birinin sahibi - "Karat Holdinq” MMC-nin rəhbəri Əsabil Qasımov Modern.az saytına açıqlamasında hökümətin ərzaq təhlükəsiziyi ilə bağlı həyata keçirdiyi siyasətin uğursuz olduğunun dolayısı ilə etiraf edib: 

”Hazırda ay ərzində ölkədə 70 min ton una tələbat var. Bu da təxminən ay ərzində 80 min ton çörəyə ehtiyac olduğu anlamını verir. Onu deyə bilərəm ki, bu gün Azərbaycanda becərilən taxıl insanların tələbatının 20 faizini təşklil edir. Yerdə qalan 80 faiz xaricdən alınır. Azərbaycanda istehsal olunan taxılın böyük hissəsi daha çox mal-qara, quş yemi üçündür. Bunu mütləq nəzərə almaq lazımdır. Onu da deyə bilərəm ki, Azərbaycanda ən çox taxıl 2015-ci ildə istehsal olunub. Hesab edirəm ki, bu istehsalı artırmaq mümkündür. Sadəcə, insanlarda taxıl becərmə mədəniyyəti arzuolunann səviyyədə deyil. Bəzən insanlarımız "toxumu torpağa səpdim, vəssalam” deyib buğda əldə etmək istəyirlər. Bu, doğru yanaşma deyil. Sonadək bu bitkiyə qulluq etmək lazımdır”. 

 Məlumat üçün bildirək ki, Dövlət Statistika Komitəsi 2014-cü ildə taxıl ilə özünütəminetmə səviyyəsinin 60.6 faiz, buğda ilə özünütəminetmə səviyyəsinin isə 54.1 faiz təşkil etdiyni bildirir. Dövlət hər il buğda istehsalına milyonlarla subsidiya verir. Deputat isə bildirir ki ərzaqlı buğda ilə özünütəminetmə səviyyəsi 20 faizdir. Bu isə onu göstərir ki, hökümətin ərzaq təhlükəsiziyi ilə bağlı həyata keçirdiyi siyasətin nəticəsi uğursuz olub və rəsmi statistik rəqəmlər reallığı əks etdirmir.