"Milli Təhlükəsizlik Nazirliyinin ləğv edilərək onun yerinə yeni iki qurumun yaradılması düzgün qərardır”.
Mia.az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, keçmiş MTN əməkdaşı Ərəstun Oruclu deyib. Onun sözlərinə görə, yeni sərəncama əsasən "MTN iş”ində adı hallanan bir çox əməkdaşlar avtomatik olaraq vəzifələrindən azad olunur: "Bir neçə aspektdən baxdıqda iki qurumun yaradılması düzgün qərardır. Çünki köhnə rəhbərlik dönəmində Milli Təhlükəsizlik Nazirliyində o qədər hüquq pozuntuları və nazirliyin təbiətinə və fəaliyyətinə yad insanlar işə götürülüb ki, indi onları bir-bir kənarlaşdırmaq çox çətindir. Amma bu sərəncamla faktiki olaraq nazirliyin bütün əməkdaşları avtomatik olaraq işdən kənarlaşdırılmış oldular. Yəni qurum ləğv olunduğu üçün onun bütün əməkdaşları da tutduqları vəzifələrindən azad olunmuş sayılırlar”.
Ərəstun Oruclunun fikrincə, həm kəşfiyyatın, həm də əks-kəşfiyyatın bir mərkəzdə birləşməsi balanslaşdırılmamış güc mərkəzi yaradır:"Biz bunun fəsadlarını Eldar Mahmudovun rəhbərlik dönəmində baş verənlərin müstəvisində gördük. Kəşfiyyat ilə əks-kəşfiyyat müxtəlif sahələrdir. Əks- kəşfiyyat daha çox ölkənin daxilində təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyət göstərən qurumdur. Digər qurum isə həmin təhdidlərin ölkə xaricində qarşısının alınmasına nəzarət edir. Göründüyü kimi hədəflər və mərkəzlər eyni olsa da, hər iki sahə müxtəlifdir. Dünya praktikasında da belədir. Bu gün dünyada az dövlətlərdə bu qurumlar bir sahədə birləşiblər. Amma ABŞ, Rusiya, Avropa ölkələrinin hamısında müxtəlif xidmətlər kimi fəaliyyət göstərirlər. Daxildə əks-kəşfiyyat olur. Hazırda o qurumun adı Təhlükəsizlik Xidmətidir. Təkcə o kəşfiyyat deyil, həm də bu, anti-terror fəaliyyəti, qaçaqmalçılığa qarşı qanunsuz transmilli cinayətkarlığa qarşı mübarizədir. Hansılar ki, bunlar dövlət üçün təhlükə yaradır. Amma bu təkcə əks-kəşfiyyat deyil. Kəşfiyyatın işi əsasən ölkənin xaricinə yönəlir. Bu baxımdan düşünürəm ki, bu qərar müasir yanaşmadır”.
Mərkəz rəhbəri bu qərarın MTN-nin aşağı salınan nüfuzunun başqa formada bərpa etməyə xidmət etdiyini bildirib:"Eldar Mahmudovun dövründə nazirliyin yüksək nüfuzu tam olaraq aşağı düşdü. Bu iki qurumun yaradılması onun nüfuzunun yenidən bərpa olunması üçün atılan addımdır. Çünki bu artıq yeni qurumdur”.
Ərəstun Oruclu qeyd edib ki, xidmətə yeni təyin olunan rəis Mədət Quliyev bu işin öhdəsindən layiqincə gələcək:"Mədət Quliyev ona həvalə olunan 1 ay ərzində çox böyük işlər gördü. Nazirliyə layiq olmayan 250-dən çox əməkdaşın kənarlaşdırılması düzgün qərar idi. Həmçinin nazirliyin fəaliyyətinin bütün bunlara baxmayaraq, qorunub saxlanılması, peşəkarların geri qaytarılması istiqamətində kifayət qədər işlər görülüb. Hesab edirəm ki, Mədət Quliyev bu vəzifənin də öhdəsindən layiqincə gələcək”.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında Fərman imzalayıb. Fərmana əsasən, Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sultanov isə Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifələrinə təyin ediliblər.
“MTN-in ləğvi düzgün qərardır” – Keçmiş MTN-çi

DİGƏR XƏBƏRLƏR
2025-08-25 16:37
2025-08-25 15:18
2025-08-25 14:14