Oktyabrn 16-da, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Bəstəkarlar İttifaqının və Türkiyə Elm və Ədəbiyyat Əsər Sahibləri Birliyinin (İLESAM) birgə layihəsi olan "Mahnidan - Şarkiya” adlı konsert olacaqdır.
Bu barədə Mia.az-a Azərbaycan Bəstəkarlar İttifaqından məlumat daxil olub.
Məlumatda bildirilir ki, Türkiyəli sənətçilər Çiğdem Gürdal (vokal), Oya Ergün (vokal) , Ali Burç (ritim saz), Evren Turna (keman), Onur Akkuş (ud), Deniz Göktaş (kanun), həmçinin Şəhla Ələkbərovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Televiziyası və Radiosunun C.Cahangirov adına Xorunun iştirakı ilə Ümummili lider Heydər Əliyevin məşhur "Bir millət iki dövlət” devizi altında keçiriləcək konsertdə Azərbaycan və Türk bəstəkarlarının mahnıları səslənəcək.
Qeyd edək ki, "Mahnidan - Şarkiya” konserti Azərbaycan Bəstəkarlar İttifaqı və Türkiyə Elm və Ədəbiyyat Əsər Sahibləri Birliyinin birgə "6 bəstəkar və 6 şair” adlı birgə-layihəsi əsasında həyata keçiriləcək. Adından da məlum olduğu kimi, bu layihədə Türk bəstəkarlar Faruk Şahin, Zekai Tuncay, Pinar Göksal, Ugur Top, Özgen Gürbüz və Yaşar Bedük Azərbaycan poeziyasınını görkəmli nümayəndələri Rəsul Rza, Nigar Rəfibəyli, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəriman Həsənzadə və Zəlimxan Yaqubun şeirlərinə mahnı bəstələyiblər. Öz növbəsində Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış simalarından olan Firəngiz Əlizadə, Həsənağa Adıgözəlzadə, Cavanşir Quliyev, Cəlal Abbasov, Sərdar Fərəcov və Elza Seyidcahan İLESAM-ın təqdimatı ilə Durmuş Kaya, Nedim Ucar, Serdar Öncül, Sevinc Atan, Sevim Yakıcı və Əkrəm Yalbuzun şeirlərinə musiqi bəstələyiblər.

Qardaş ölkənin nümayəndələri Bakıya oktyabrın 14-də təşrif buyuracaqlar. Türkiyəli qonaqlar Fəxri Xiyabanı, Azərbaycan Tarix Muzeyini, həmçinin M.F. Axundov adına Milli Kitabxananı ziyarət edəcək, o cümlədən Azərbaycan Bəstəkarlar İttifaqı və Yazıçılar Birliyinini üzvlərin ilə görüşlər keçirəcəklər.