Dünən Mia.az-da Femida.az istinadən özünü bir zamanlar ölkənin idarəetməsində mühim vəzifə daşıyan qadınlardan biri, Ali Sovetin sədri, mərhum Elmira Qafarovanın qızı kimi təqdim edən Qafarova İnayət Fuad qızının yayılan müsahibəsi narazılıq yaradıb.
Bununla bağlı mərhum Elmira xanımın yaxın qohumları (xanım olduqlarından adlarının mətbuatda hallanmasını istəmirlər) Mia.az-a müraciət edib, belə bir qadını ümumiyyətlə, tanımadıqlarını deyiblər:
"O müsahibə yayılandan sonra bütün tayfa yığıldı, ən uzaq qohumlarla belə maraqlandıq ki, bəlkə bu hansısa bir qohumun yaxını-filanıdır. Ancaq bir daha aydın oldu ki, bizim nəsildə elə bir qadın yoxdur. İnanın, Elmira xanımla isə bunun heç bir bağlantısı yoxdur. Mərhum Elmira xanımın iki övladı olub. 1 oğlan, 1 qız. Ancaq o qızı da bu İnayət deyilən xanım deyil. Buna tam əmin ola bilərsiniz.
Respublikada Elmira xanımı indi də hörmətlə xatırlayır, onun ailəsini çox yaxşı tanıyırlar. Bir daha bildiririk və əmin ola bilərsiniz ki, o müsahibədəki qadınla yaxından-uzaqdan nəinki Elmira xanımın, ümumiyyətlə, bizim tayfanın heç bir əlaqəsi olmayıb və elə bir uzaq qohumumuz da yoxdur. Çox təəssüf ki, jurnalist faktı araşdırmadan sensasiya xatirinə belə ucuz oyuna gedib".
Həmin qadının yalan danışdığı haqda uzun-uzadı danışmayan qarşı tərəf sözlərinə belə yekun vurub: "O qadın Elmira xanımın bacısından söz açır. Deyir ki, başımıza oyun açıb-filan. Ayıbdır! Sizi əmin edirik ki, Elmira xanımın ümumiyyətlə, bacısı olmayıb. Yəni ən azından bu fakt da təkrar göstərir ki, o, yalan danışır. Niyə o müsahibə alan jurnalist bu açıq faktları da dəqiqləşdirməyib? Axı, o videodan da açıq görünür ki, bu qadın xəstədir. Ruhi xəstə birinin sözünü belə ciddi qəbul edib, yaymaq hansı etikaya sığar?! Sabah o qadın çıxıb, bir başqasının, elə o jurnalistin qohumu olduğunu deyə bilər. Hər yoldan ötənin sözünü belə ciddiyə alıb, bütöv bir nəsili ləkələmək olmaz axı. Çox təəssüf ki, ruhi xəstə birinin adıyla cəmiyyətdə ajiotaj yaratmaqla, belə axmaq oyun oynayıblar".
Mia.az