"Jurnalist
Araşdırmaları Mərkəzi” İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı "İnternet media resurslarından
istifadədə milli-mənəvi dəyərlərin və ictimai davranış qaydalarının təbliği”
adlı layihə çərçivəsində növbəti tədbir Yevlaxda baş tutub.
Yevlax Şəhər Gənclər Mərkəzində
keçirilmiş toplantını giriş sözü ilə Yeni Azərbaycan Partiyasının Yevlax Rayon
Təşkilatının aparat rəhbəri Əli Quliyev açaraq bildirib ki, prezident İlham Əliyevin diqqət
yetirdiyi media siyasətinə rayonda böyük önəm verilməkdədir. Yerli «Kür» qəzeti bölgə mətbuatı
içərisində tirajının yüksəkliyi baxımdan seçilən nəşrlərdəndir. Yevlaxda
regional əhəmiyyət daşıyan «El» telekanalı uğurla fəaliyyət göstərməkdədir.
Rayonda həmçinin yeni medianın funksiya və vəzifələrinə də böyük önəm
verilməkdədir. Ümumən onlayn və ənənəvi medianın timsalında Yevlaxın daha da
inkişafına və çiçəklənməsinə xidmət edən model fəaliyyət göstərməkdədir.
"Jurnalist
Araıdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə "İnternet media resurslarından istifadədə
milli-mənəvi dəyərlərin və ictimai davranış qaydalarının təbliği” layəhəsinin
məqsəd və vəzifələrindən söz açıb. O bildirib ki, Azərbaycan əhalisinin 70 faizi internet istifadəçisidir.
Dövlətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu rəqəm daha da
artacağı gözlənilir. Mövcud artımın nəticəsində yeni internet media orqanları
yaranır: "Onların fəaliyyəti cəmiyyətin tələblərinə nə dərəcədə uyğundur? Suala
cavablar birmənalı deyil. Ona görə də mövzu ətrafında düşünməyə, fikir
mübadiləsi aparmağa ehtiyac var. Məqsədimiz onlayn media resurslarında milli-mənəvi dəyərlərin
qorunması sahəsində nəzərə çarpan təmayülləri ictimaiyyətin müzakirəsinə
çıxararaq mövcud istiqamətdəki problemlərin aradan qaldırılmasına dəstək
göstərməkdir”, - deyə S.Verdizadə layihə çərçivəsində indiyədək
Cəlilabadda və Xaçmazda toplantəların təşkil olunduğunu vurğulayıb.
"Ruh”
Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Əvəz Rüstəmov bildirib
ki, internet media məkanındakı neqativ təmayüllərə qarşı ictimai
qınağın artırılmasına ehtiyac
duyulmaqdadır. JAM-ın layihəsi, eləcə də layihə çərçivəsində gerçəkləşdirilmiş
tədbirlər bu baxımdan mühüm əhəmiyyət daşımaqdadır. O, çıxışında internet media və ənənəvi
medianın təsnifatındakı fərqlərə, internet sahəsində tənzimləmənin müxtəlif
cəhətlərinə, sosial şəbəkələrlə, bloggerliklə bağlı məsələlərə toxunub.
Ə.Rüstəmov onu da bildirib ki, internet medianın ənənəvi medianı tədricən
sıradan çıxarmağa doğru getdiyi hazırkı vəziyyətdə medianın fəaliyyət üsul və
vasitələrini dəyişməsi prosesinin ağrısız keçməsi son dərəcə vacibdir. Bunu isə
dövlətlə yanaşı cəmiyyət özü də təmin etməlidir. Layihə də məhz bu baxımdan
əhəmiyyətlidir.
Qarşılıqlı
müzakirə şəraitində keçən toplantıda çıxış edənlər mövzunun aktuallığını vurğulayaraq internet
media sahəsində ictimai tənzimləmənin milli-mənəvi dəyərlərin qorunmasına
dəstək baxımından vacibliyini əsaslandırıblar.