Təxminən
10 gündən çoxdur Müstəqil İnformasiya Agentliyinə məxsus olan Mia.az saytı
hakerlərin davamlı hücumuna məruz qalıb. Agentlik rəhbərliyi bununla bağlı açıqlama
yayıb.
Sayt rəhbərliyi
bildirib ki, 10 gün ərzində bu hücumların qarşısını almaq üçün müxtəlif vasitələrə
əl atılıb, yeni qoruyucu proqramlar yazılıb, sayt başqa proqramın üzərinə
köçürülüb:
" Ancaq
hakerlər sanki qarabaqara bu saytı izləyir və məqsədli şəkildə hücumlarını
davam etdirirlər. Artıq sayt iflic vəziyyətə salınıb. Nə ediriksə, ona qarşı
yeni və daha təkmil "atak” işə salınır və yenidən saytın fəaliyyətinə problem
yaradılır. Cox ciddi araşdırmalardan
sonra bu hücumların əhəmiyyətli hissəsinin Azərbaycandan olunduğunu dəqiqləşdirmişik. Artıq bununla bağlı müvafiq dövlət qurumlarına
müraciət edilib. Əsas hücum edilən dəqiq İP-lər təqdim olunub. Hazırkı məqamda bu İP-lərin kimlərə məxsus
olması və ya bu hücumları haradan qaynaqlanmasına dair əsaslı məlumatlarımız
var. Əminik ki, aidiyyatı qurumlar bu
İP-lərin kimə məxsus olması, kimin azad sözə hücum təşkil edərək, hansı məqsədi güddüyünü rəsmi şəkildə müəyyənləşdirməklə
yanaşı, lazımı tədbirləri də həyata keçirəcəklər. Biz, bu məsələdə dövlətimizə tam güvənirik”.
Açıqlamada o da bildirilir ki, sayta hücumu təşkil edənlər "atak”ları əsasən xəbərlərin üzərindən edirlər: "Bizə maraqlı gələn odur ki, sayta dayanmadan edilən güclü "atak”lar daha çox bir neçə yazının, o cümlədən cənab prezident İlham Əliyevin sayta yerləşdirilən sərəncamlarının üzərindən olunur. Yəni tutaq ki, Prezidentin hər hansı bir sərəncamı ilə bağlı xəbəri açmaq istəyəndə, 1 saniyədə ən azı 3 milyondan çox saxta İP bu xəbərə yönəldilir. Anoloji hal digər bir neçə xəbərdə də təkrarlanır. Sanki kimsə bununla təkcə bizə qarşı deyil, həm də ölkə rəhbərliyinə qarşı addım atdığını nümayış etdirmək istəyir. Bunun hansı anlama gəlməsini dövlət araşdırmalıdır. Və o səbəbdən ölkə rəhbərliyi və aidiyyatı qurumlardan bu problemə operativ müdaxilə edərək, tədbirlər görmələrini xahiş edirik”.
Mia.az