Məhbus jurnalist Xədicə İsmayılın anası Elmira İsmayılova "Azadlıq” radiosuna danışıb.
Mia.az həmin müsahibəni təqdim edir:
Dekabrın 5-də həbs olunan Xədicə İsmayıl jurnalist Tural Mustafayevi özünü öldürməyə cəhd həddinə çatdırmaqda ittiham olunur.
- Elmira xanım, 4 gün ərzində Xədicə ilə görüşmək, danışmaq imkanınız olubmu?
- Yox, görüşmək imkanımız olmayıb. Bircə dekabrın 9-da zəng edib. Səsini eşidib çox sevinmişəm. Deyir yaxşıyam, pis deyiləm. O da məndən narahatdır, deyir ki, özündən muğayat ol.
- Ona yemək çatdırmaqda probleminiz yaranıb...
- Hə, hər gün yemək aparırıq, almırlar, deyirlər yalnız həftədə bir dəfə gətirə bilərsiz. Qaldı bir də bazar gününə. İndi bilmirəm uşağım orda ac qalacaq, ac qalmayacaq.
- Bununla bağlı Penitensiar Xidmətə müraciətiniz olubmu?
- Yox, olmayıb.
- Xədicə əməliyyat (mədəsindən – red.) olunub. Ona həftədə yalnız bir dəfə yemək çatdırılması səhhətində hər hansı problem yarada bilərmi?
- Səhhəti üçün təhlükəlidir. O, hər gün protein qəbul etməli, ət yeməlidir. İmkan vermirlər hər gün lazım olanı aparaq, geri qaytarırlar. Çox narahatam buna görə.
- Xədicənin məhz belə bir ittihamla həbs olunacağı gözlənilən idimi?
- Yox, mən gözləmirdim. Bu, böyük yalandır. Bunu hamı bilir. Özü də heç gözləmirdi. Onu vətən xaini elan etmək istəyirdilər, alınmadı, ona görə bu adamı (Tural Mustafayevi nəzərdə tutur – red.) üzə durdurdular.
- Bundan sonra gözləntiləriniz nədir?
- Mən bu hökumətdən hər şey gözləyirəm. Mənə elə gəlir ki, Xədicə bu maddə ilə məhkəməyə getməyəcək. Çünki bu absurddur.
- Bəs, sizcə, yeni ittiham irəli sürə bilərlər?
- Mənə elə gəlir ki, tapsaydılar, çoxdan edərdilər. Bir şey ki yoxdur, onu necə edə bilərlər?
- Siz tərəfdən hansı addımlar olacaq?
- Müdafiəçimiz əlindən gələni edir. Görək nə olur.