Qarşıdan gələn bələdiyyə seçkilərinə maraq olmasa da, hakim partiya ilə yanaşı, bəzi müxalifət partiyaları da hazırlıq işlərinə başlayıblar. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) da bələdiyyə seçkilərinə hazırlığa start verib. Bu barədə "Reytinq" qəzetinə müsahibə verən BAXCP Ali Məclisinin sədri Teyyub Qəni digər məsələlərə də toxunub: 

- Hələlik seçki günü dəqiq müəyyənləşməyib. Amma BAXCP olaraq, seçkilərdə iştirak edəcəyik. Bu barədə partiyanın Ali Məclisinin qərarı var. Seçki günü dəqiqləşəndən sonra məsələyə baxacağıq. Buna baxmayaraq, rayon təşkilatlarına müvafiq göstərişlər verilib. Namizədlərin müəyyənləşməsi prosesi başlanıb. Yəni, bu prosesə ciddi hazırlıq gedir. Hesab edirik ki, daha mütəşəkkil şəkildə seçkidə iştirak edəcəyik. 
Sözsüz ki, problemlər də var. Azərbaycanda bələdiyyələrin statusu tam aydın deyil. Təəssüf ki, hələ də icra hakimiyyətlərinin əlaltılarına çevriliblər. Nə hüquqları var, nə də səlahiyyətləri. Buna görə də bələdiyyə seçkilərinə qatılmağa maraq azdır. Bələdiyyələrin statusunun artırılması yönündə müzakirələr aparırıq. BAXCP sədri Qüdrət Həsənquliyev dəfələrlə Milli Məclisdə bu barədə məsələ qaldırıb. Təəssüf ki, bu istiqamətdə ciddi addımlar atılmır. 
Hər halda, seçkilərdə iştirak partiyanın fəaliyyətinin canlandırılmasına, mövqeyinin ictimaiyyətə çatdırılmasına təkan verəcək. Ona görə də bu fürsətdən yararlanmaq lazımdır. 
- Bu seçkidə özünüz hər hansı rol alacaqsınız, yaxud hansı missiyanı yerinə yetirəcəksiniz? 
- Təbii ki, bələdiyyə seçkilərində namizədliyimi irəli sürməyəcəyəm. Amma Ali Məclis sədri olaraq, təbliğat-təşviqat prosesində öz köməyimi əsirgəməyəcəyəm. 
- Teyyub bəy, Təkamül Partiyası sədrliyindən BAXCP-yə transfer oldunuz, uyğunlaşa bilmisinizmi? 
- Elə bir problem olmadı, elə bir uyğunlaşmaya da ehtiyac yox idi. Təkamül Partiyası 2000-ci ildən BAXCP ilə müttəfiqdir. Həmin dövrdən bütün strukturlarımızı, fəaliyyətimizi uyğunlaşdırmışıq. Mən iki il bundan öncə Təkamül Partiyasından istefa verəndə, ümumiyyətlə, siyasətdən getmək fikrim var idi. 
Bilirsiniz ki, bir müddət Təkamül Partiyasının sıravi üzvü olaraq qaldım. Həmin dövrdə müxtəlif partiyalardan təkliflər olmuşdu, baş katib, birinci müavin və bu kimi vəzifələrə dəvət almışdım, amma razılaşmadım. Uzun müzakirələrdən sonra belə qərara gəldim ki, öz potensialımdan istifadə etmək üçün fəaliyyətimi BAXCP-də davam etdirim. Təbii ki, mən BAXCP-yə keçəndən sonra partiyanın fəaliyyətinin gücləndirilməsi istiqamətində müəyyən işlər görüldü. Hesab edirəm ki, BAXCP-yə tarnsfer etməyim partiyaya öz müsbət töhfəsini verdi. 
- Maraqlıdır ki, Təkamül Partiyasından BAXCP-yə Sizdən başqa heç kim gəlmədi. Necə oldu ki, liderliyinizi qəbul edənlərdən heç kim yanınızda olmaq istəmədi? 
- Bir müddət əvvəl təkliflər oldu ki, Təkamül Partiyası ilə BAXCP-ni birləşdirək. Ancaq "Təkamül"çülər bunu qəbul etmədilər. Bu gün də Təkamül Partiyası fəaliyyət göstərir, öz sədri var. 
- Təkamül Partiyasının saxlanılması və Sizinlə barəbər başqalarının da transfer olunmaması BAXCP-yə inamsızlıqdan irəli gəlmir ki? 
- Xeyr. Hər hansı bir inamsızlıqdan söhbət gedə bilməz. Sadəcə olaraq, ortada hər iki partiyanın qarşılıqlı hörməti, normal münasibətləri var. 
- Partiyaların birləşmək imkanları nə qədərdir? 
- İnanmıram ki, Təkamül Partiyasında nə vaxtsa BAXCP-yə birləşmək haqqında qərar qəbul edilsin. 
- Transfer qərarından peşman deyilsiniz ki? Biri var sədr olasız, biri də var ki, ikinci, üçüncü adam? 
- Heç bir peşmançılığım yoxdur. Əsas odur ki, millət üçün, xalq üçün bacardığını edəsən, birinci, yaxud ikinci, üçüncü olmağın əhəmiyyəti yoxdur. 
- O fikirlər də səslənir ki, Teyyub Qənioğlu maddi məsələyə görə BAXCP-yə keçib? 
- BAXCP-yə tansferdə heç bir maddi marağım olmayıb. Əslində Təkamül Partiyasında maraqlarım daha çox təmin olunurdu, nəinki burda. 
- Bəs, hazırda Təkamül Partiyası ilə münasibətləriniz hansı səviyyədədir? 
- Normaldır. Müttəfiqlik davam edir. Bəzəm müyyən məsləhətlərimi verirəm, dəstəyimi əsirgəmirəm. Açığı, mənim köməyimə ehtiyacları yoxdur, özləri kormal fəaliyyət göstərirlər. 
- O vaxt Siz istefa verəndən sonra qurultay keçirildimi? 
- Xeyr. Qurultay keçirilmədi, amma Mərkəzi Şuranın qərarı ilə partiya sədrinin səlahiyyətlərinin icrası Namizəd Babayevə tapşırıldı. Qurultayın keçirilməsi bu ilin may-iyun aylarına planlaşdırılırdı, amma müəyyən problemlər üzündən alınmadı. Məndə olan məlumata görə, ilin axırına qədər qurultayı keçirəcəklər. 
- Qurultay keçirilmədən sədrin istefası və yeni şəxsin sədr səlahiyyətlərini icra etməsi nə dərəcədə doğrudur? 
- Burada hər hansı bir qanun pozuntusu yoxdur. Hər bir partiyanın nizamnaməsi var, Təkamül Partiyasının nizamnaməsinə əsasən, partiya sədrinin istefası Mərkəzi Şura tərəfindən qəbul oluna bilər. Mərkəzi Şuranın iclasında sədr əvəzi müəyyən olunur. Yəni, sədr seçmək qurultayın səlahiyyətindədir, yəqin ki, qurultaylarını keçirəndə sədrlərini seçəcəklər.

reytinqinfo.az