Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Service and Supply Ltd” MMC (VÖEN – 1005654841) olub.

“Service and Supply Ltd.” MMC MİDA-ya tərcümə xidmətləri göstərəcək və qarşılığında 11 min 658 manat 40 qəpik alacaq.

Məlumat üçün bildirək ki, “Service and Supply Ltd.” MMC 7 dekabr 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 11 manat olan MMC Binəqədi rayonu, Mir Cəlal, ev 59K, m. 390 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Həbibova Aytəkin Rasim qızıdır.

Qeyd edək ki, müsabiqənin qalibi olan MMC-nin dövlət büdcəsinə 14 min 507 manat 32 qəpik vergi borcu var.
Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 23.3.5.1-ci maddəsinin tələblərinə görə mümkün deyil.

“Service and Supply Ltd.” MMC yanvar ayının 13-də tender müsabiqəsinin qalibi elan olunub. Əgər tender keçirilən zaman şirkətin vergi borcu olmayıbsa, o zaman 14,5 min manatlıq borc son 2 ayda yaranıb.

Xatırladaq ki, “Service and Supply Ltd.” MMC-yə daha əvvəl Zoologiya İnstitutunun baş meneceri Rasimli Kəmalə Rasim qızı rəhbərlik edib. MMC daha əvvəl AMEA-nın keçirdiyi 130 min manatlıq tenderin qalibi olub. MMC AMEA-ya müxtəlif sərfiyyat malları (kağız, qələm və s.) satıb.

Kəmalə Rasimlinin rəhbərlik etdiyi daha bir şirkət “Aysberq KMT” MMC (VÖEN – 1003279381) adlanır. Bu şirkət də müxtəlif dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərdə qalib olub.

“Aysberq KMT” MMC 24 fevral 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 manat olan bu şirkətin hüquqi ünvanı “Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2A, m. 25”də yerləşir. Daha əvvəl “Service and Supply Ltd.” MMC-nin də hüquqi ünvanı Süleyman “Sani Axundov, ev 2A, m. 25”də yerləşib.

Bunlardan başqa Rasimli Kəmalə Rasim qızı fiziki şəxs (VÖEN – 1001630942) kimi də tender müsabiqələrində iştirak edərək qalib olub.

Diqqət çəkən başqa bir məqam isə odur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Gəlirlər Baş İdarəsi ötən il Kəmalə Rasimli barəsində məhkəmə iddiası qaldırıb. Məhkəmə iddiası vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar qaldırılıb.

Hazırda Kəmalə Rasimlinin fiziki şəxs kimi dövlət büdcəsinə vaxtında ödənilməyən 1 553 manat 10 qəpik vergi borcu var.