Qərbi Kaspi universitetində dövlət sifarişi ilə (ödənişsiz əsaslarla) təhsil alan tələbələrə təhsil haqlarının bir hissəsini ödəmələri ilə bağlı məlumat verilib. Bildirilib ki, dövlət büdcəsindən ödənilməli olan vəsait tam köçmədiyi üçün semestr imtahanına qədər qalıq təhsil haqqını tələbələr özləri ödəməlidirlər. Əks təqdirdə imtahana buraxılmayacaqlar.
Mia.az xəbər verir ki, Lent.az-a Elm və Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, dövlət sifarişi əsasında təhsil alan tələbələrdən hər hansı formada ödəniş tələb olunması qanunvericiliyə ziddir:
"Belə tələbələrin təhsil xərcləri dövlət büdcəsi hesabına qarşılanır və bununla bağlı hər hansı maliyyə yükü tələbənin üzərinə qoyula bilməz. Bu baxımdan, təhsil müəssisəsinin özəl statusu dövlət sifarişi əsasında qəbul olunmuş tələbələrin maliyyələşdirilməsi ilə bağlı dövlət tərəfindən müəyyən edilmiş hüquqi rejimi dəyişmir. Təhsil müəssisəsinin daxili maliyyə planlaşdırması, ayrılmış vəsaitin idarə olunması, yaxud ilin sonuna istifadə olunmamış vəsaitlə bağlı yaranmış hallar tələbələr üçün əlavə öhdəlik yaratmır. Universitet tərəfindən maliyyə məsələlərinin düzgün tənzimlənməməsinin nəticəsinə görə tələbə cavabdeh deyil.
Məsələ ilə bağlı aidiyyəti ali təhsil müəssisəsinin müraciətinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılıb və rəsmi qaydada cavab verilib. Bildirilib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə əsasən, ilin sonunda istifadə olunmamış və vahid xəzinə hesabına köçürülmüş vəsaitin geri qaytarılması Elm və Təhsil Nazirliyinin səlahiyyətləri çərçivəsində mümkün deyil".
***
Maliyyə Nazirliyi Qərbi Kaspi Universitetində dövlət sifarişi ilə (ödənişsiz) təhsil alan tələbələrdən ödəniş tələb olunmasına münasibətini açıqlayıb.
Nazirlikdən bildirilib ki, ötən il dövlət büdcəsindən universitetə ümumilikdə 5 milyon 76,6 min manat, o cümlədən təhsil xərcləri üzrə 3 milyon 596,6 min manat, təqaüd xərcləri üzrə isə 1 milyon 480,0 min manat ayrılıb.
Həmin vəsaitlər Elm və Təhsil Nazirliyi vasitəsilə vaxtında universitetin hesabına köçürülüb və dövlət sifarişi ilə təhsil alan 1 539 tələbənin, o cümlədən 2025-ci ildə qəbul olunmuş 538 tələbənin maliyyələşdirilməsini tam əhatə edib.
Bundan əlavə, 2026-cı il üçün dövlət sifarişi çərçivəsində universitetə dövlət büdcəsindən ayrılan vəsait 7,2 % artımla nəzərdə tutulub. Belə ki, cari il üzrə bu məbləğ ümumilikdə 5 milyon 443,5 min manat, o cümlədən 3 milyon 742,0 min manat təhsil, 1 milyon 701,5 min manat təqaüd xərcləri kimi planlaşdırılıb/Report.